Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycan - Polşa münasibətləri genişlənir - VİDEO

31.05.2019 20:10

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısları fəxri qarovul dəstəsinin qarşısından keçdikdən sonra Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Təntənəli keçiddən sonra Prezident İlham Əliyev Polşa Prezidenti ilə təkbətək görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Daha sonra müzakirələr nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə Prezident İlham Əliyev bu səfərin əlaqələrin inkişafına təkan verəcəyini deyib.

Polşa Prezidenti Andjey Duda Azərbaycana ilk dəfə səfər etdiyini , Bakının ona böyük təəssürat bağışladığını deyib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub. Tərəflər məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi, kənd təsərrüfatı, fitosanitariya haqqında bir sıra sənədlər imzalayıblar. Sonra Prezident İlham Əliyev və Polşa Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev Polşanı Azərbaycanın strateji tərəfdaşı adlandırıb. Dövlət başçısı müzakirə olunan məsələlərdə heç bir fikir ayrılığının olmadığını bidlirib. Prezident İlham Əliyev iqtisadi sahədəki əlaqələrə də toxunub. Bildirib ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır.

Dövlət başçısı vurğulayıb ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal iş aparılmalıdır. Eyni zamanda kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik.

Prezident İlham Əliyev polşalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ölkəmizin mövqeyi ilə bağlı məlumat verdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Andjey Duda isə çıxışında bildirib ki, ölkəsinin keçmiş Prezidenti Lex Kaçinski Prezident İlham Əliyevi özünün yaxın dostu adlandırıb. Həmin vaxtdan etibarən Polşa ilə Azərbaycanın ikitərəfli münasibətləri xeyli güclənib.

Polşa Prezidenti Andjey Duda bildirib ki, Azərbaycan və Polşa əməkdaşlığın yeni erasına başlayır. Azərbaycan Polşanın mühüm ticari tərəfdaşıdır. Əldə olunan razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa böyük ümidlər bəslənir. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək.

Polşa Prezidenti vurğulayıb ki, ölkəsi Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyir. O əlavə edib ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər. Andjey Duda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Polşa BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və münaqişənin sülh yolu ilə həll olunmasında Azərbaycana yardım edəcək.

Sonra Azərbaycan Polşa biznes forumu baş tutub. Dövlət baçıları forumda da çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, biznes dairələri üçün əməkdaşlıq çox faydalı ola bilər. Azərbaycanda biznes mühiti müsbətdir. Biznes mühitinin yaxşılaşdırılması nəticəsində həm iş adamları özlərini daha rahat hiss edirlər, həm də dövlətlər daha böyük fayda götürür. Dövlət başçısı qeyd edib ki, ölkəmizin inkişafı, o cümlədən iş yerlərinin yaradılması üçün kənd təsərrüfatının çox böyük əhəmiyyəti var və Polşanın bu sahədəki təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Prezident İlham Əliyev ticarət dövriyyəsini artırmaq üçün, ilk növbədə, biznes dairələrini fəal olmağa çağırıb.

Polşa Prezidenti isə çıxışında vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir və Polşa şirkətləri üçün çox cəlbedici bir məkandır. Polşa tərəfi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədəki tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Andjey Duda Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulduğuna diqqət çəkib. Bildirib ki, bunun sayəsində Çinə və Hindistana ticarət marşrutları daha da qısalacaq. Bu baxımdan Prezident Duda Polşa şirkətlərinin Azərbaycanda daha geniş şəkildə fəaliyyət göstərmək istədiyini bildirib.

Biznes forum işini təqdimatlar və iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirib.

Bu gün Bakıda həmçinin Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib. Paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda iştirak ediblər.

Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə "Polşa memarları" adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi vurulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR