Hikmət Hacıyev: Ermənistan reallığı düzgün qiymətləndirməlidir - VİDEO

09.11.2018 19:57

Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir.

Bunu xezzerxeber.az-a Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, yola salmaqda olduğumuz həftə də ölkəmizin xarici siyasəti baxımından intensiv oldu və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri ilə müşayiət olundu: "Həftə ərzində ölkəmizə olan səfərlər və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə keçirdiyi görüşlər ölkəmizin xarici siyasətinin nə dərəcədə dinamik, çevik və çoxşaxəli olmasının növbəti göstəricisidir. Paytaxt Bakı Fələstinin Asiya qitəsi ölkələrində səfirlərinin toplantısına ev sahibliyi etdi və bu xüsusda dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riyad əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Nəzərə almaq lazımdır ki, Fələstin məsələsi beynəlxalq gündəlikdə duran ən aktual mövzulardan biridir və ölkəmiz də bu məsələnin həll edilməsinə, fələstinlilərin humanitar problemlərinin aradan qaldırılmasına öz töhfəsini verir. Dövlətimizin başçısı eyni zamanda Səudiyyə Ərəbistanı daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüz siyasətinə görə Səudiyyə Ərəbistanının bu ölkə ilə əlaqələri yoxdur. Ümumiyyətlə, ölkəmiz islam həmrəyliyinə sadiqdir və əməli addımlarla islam həmrəyliyinin gücləndirilməsinə öz əsaslı töhfəsini verir".

PA rəsmisi bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında bu ilin oktyabrının sonunda keçirilmiş ilk təhlükəsizlik dialoqunun ardınca Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizdə səfərdə oldu və Prezident İlham Əliyev tərəfindən qəbul edildi: "Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşlarından biridir və Aİ-dən olan yüksək vəzifəli rəsmilərdən birinin də dediyi kimi, Azərbaycan sabit, müasir və mötədil siyasət yürüdən ölkədir. Başqa sözlə desək, Azərbaycan Avropa İttifaqı üçün təbii tərəfdaşdır. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair saziş layihəsinin başa çatdırılması əməkdaşlığın hərtərəfli inkişafına əlavə təkan verəcək".

O əlavə edib ki, dövlətimizin başçısının ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizin Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfəsi, NATO üzv ölkələrinə göstərdiyi tranzit və nəqliyyat dəstəyi, ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu:

"Bir sözlə onu deyə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir və ölkəmizin tərəfdaşlıq əlaqələri məzmun və coğrafi baxımdan davamlı surətdə genişlənir".

Prezident Administrasiyasının şöbə müdirinin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəmizin haqlı və ədalətli mövqeyinin daha da güclənməsi tendensiyası davam edir. Bütün tərəflər status-kvonun qəbuledilməzliyini etiraf edirlər: "Xatırlatmaq istərdim ki, 2011-ci ildə "Böyük Səkkizliy"in Dövildə keçirilmiş sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində verdikləri bəyanatda status-kvonun qəbuledilməz olduğunu vurğulamışdılar. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada ATƏT-in Daimi Şurasında keçirdikləri brifinq əsnasında da status-kvonun qəbuledilməzliyi ABŞ və digər nümayəndə heyətləri tərəfindən bir daha səsləndirildi. Birmənalı olaraq işğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını ehtiva edir. Ermənistan-Azərbaycan münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanır".

Onun sözlərinə görə, yalnız son bir neçə aylıq dövrə nəzər salsaq, Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədi, NATO-nun Brüssel sammitinin yekun bəyanatı, Almaniyanın kansleri və bu ölkənin Xarici İşlər Nazirliyi, ABŞ-ın yüksək vəzifəli rəsmiləri və Ermənistandakı səfiri, Belçika Xarici İşlər Nazirliyinin açıqlamaları, həmçinin İstanbulda keçirilmiş Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə qəbul edilmiş bəyanatları qeyd edə bilərik: "Ümumiləşdirilmiş şəkildə desək, bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və münaqişənin həll edilməsi üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğu qeyd olunur. Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsi ilk növbədə dövlətlərin BMT nizamnaməsi əsasında öz üzərilərinə götürdükləri öhdəliklərinə sadiqliyinin göstəricisidir".

H.Hacıyev deyib ki, Ermənistan reallığı düzgün qiymətləndirməli və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişənin həllində irəliləyişin əldə olunması, regionun ehtiyac duyduğu davamlı sülhün təminatı mümkündür.

PA rəsmisi vurğulayıb ki, bu günlərdə Astanada Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının dövlət başçılarının zirvə toplantısı keçirildi. Sammit Ermənistan üçün növbəti uğursuzluqla başa çatdı. Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu Ermənistandan alındı. Ermənistan bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı:

"Təbii ki, bu KTMT üzv dövlətlərinin qəbul etdiyi qərardır. Azərbaycan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının zirvə toplantısını yaxından izləyib. Sammit nəticəsində qəbul edilmiş sənədlər və yekun bəyanat barədə qeyd götürülüb. Bu qəbildən olan sənədlərdən biri müşahidəçi və tərəfdaş ölkələrin hüquqi statusu barədədir. O ki qaldı Ermənistana, bu ölkənin bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, məlum səbəblərə görə Ermənistan istisna olmaqla Azərbaycanın KTMT-nin bütün üzv dövlətləri ilə çox sıx dostluq və tərəfdaşlıq münasibətləri var. İkitərəfli və çoxtərəfli müstəvilərdə bu əməkdaşlıq daha da genişləndirilir".

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR