Xəzər Xəbər

“SpaceX” kosmosa ilk pilotlu gəmisini göndərəcək

Texnologiya | 14:51 • 10 Dekabr 2019
“SpaceX” kosmosa ilk pilotlu gəmisini göndərəcək

"SpaceX” şirkətinin hazırladığı ilk "Crew Dragon” pilotlu kosmik gəmisi 2020-ci ilin fevralında Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək. Bu barədə şirkətin Kaliforniya ştatındakı Hotorn şəhərində yerləşən mənzil-qərargahında keçirilən mətbuat konfransında "SpaceX”in prezidenti Quinn Şotuell məlumat verib.


AZƏRTAC space.com portalına istinadla xəbər verir ki, Şotuell qeyd edib: "Biz birinci pilotlu kosmik missiyanın fevralda həyata keçiriləcəyinə ümid edirik. Yanvarın 4-də "Crew Dragon” kosmik gəmisinin "Falcon 9” raketdaşıyıcısı vasitəsilə fəzaya buraxılmasının qəza sistemi yoxlanılacaq. Biz sınaq zamanı əldə olunan məlumatları təhlil edəcəyik”. Onun sözlərinə görə, sınaqdan sonra Beynəlxalq Kosmik Stansiyanın, kosmik gəminin və raketdaşıyıcısının hazırlıq vəziyyəti qiymətləndiriləcək. Şirkətin prezidenti əlavə edib ki, kosmik gəminin ekipajı astronavtlar Robert Benken və Duqlas Herlidən ibarət olacaq.


Qeyd edək ki, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) "Space Shuttle” çox istifadəli kosmik gəminin missiyasının başa çatmasından sonra 2011-ci ildə pilotlu uçuşları dayandırıb. Həmin vaxtdan Amerika astronavtları Rusiyanın "Soyuz” kosmik gəmilərində Beynəlxalq Kosmik Stansiyaya göndəriliblər.


"SpaceX” şirkəti ilə yanaşı, "Boeing” korporasiyası da özünün "CST-100 Starliner” kosmik gəmisini hazırlayıb. Onun "Atlas V” raketdaşıyıcısı ilə orbitə göndərilməsi nəzərdə tutulur. Bu kosmik gəminin ilk pilotsuz buraxılışı dekabrın 20-də həyata keçiriləcək.


"Crew Dragon” pilotlu kosmik gəmisi kosmik stansiyaya yük daşıyan gəminin modifikasiyasıdır. Həmin yük gəmisi bu il martın 2-də avtomatik rejimdə stansiyaya göndərilib və bir gün sonra ona birləşib.

Xəbər lenti