Çində keçirilən helikopter sərgisində ən son texnoloji yeniliklər təqdim olunub - FOTO

13.10.2019 18:30

Çinin sənaye mərkəzlərindən olan Tiencin şəhərində V Çin Helikopter Sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, dördgünlük sərgidə dünyanın 18 ölkəsindən helikopter, habelə helikopterlər üçün avadanlıq, ehtiyat hissələri istehsalı ilə məşğul olan təxminən 415 şirkət iştirak edib. Sərginin 165 min kvadratmetrlik ekspozisiya sahəsində hərbi və mülki helikopterlər, o cümlədən sərnişin və yük daşınması üçün nəzərdə tutulan helikopterlər, təcili tibbi yardım helikopterləri, fövqəladə hallarda istifadə olunan helikopterlər nümayiş olunub.

Tədbirin ən çox maraq doğuran məqamlarından biri helikopterlərin akrobatik şouları olub. Bu şoularda ən son texnoloji cihazlarla təchiz olunmuş 27 hərbi və mülki helikopter iştirak edib. Onların bəziləri ilk dəfə ictimaiyyətə təqdim olunub. Çinin "Külək və şimşək” aviasiya komandası yerli istehsal olan Z-10, Z-19 və Z-20 helikopterləri ilə şou göstərib.

Qeyd edək ki, Z-20 helikopteri ilk dəfə oktyabrın 1-də Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Pekində təşkil olunmuş hərbi paradda geniş ictimaiyyətə təqdim olunub.

Sərgidə xilasetmə əməliyyatlarında istifadə olunmaq üçün istehsal edilən helikopterlərin təlim çıxışları baş tutub. Bundan başqa, gələcəkdə istehsalı nəzərdə tutulan konseptual helikopter modelləri də təqdim olunub.

Sərgidə qlobal helikopter bazarının aparıcı iştirakçılarının, o cümlədən istehsalçıların, istismarçı şirkətlərin, sifarişçilərin iştirakı ilə müxtəlif tədbirlər, forumlar, təqdimatlar, konfranslar keçirilib, ziyarətçilər virtual reallıq texnologiyasının köməyi ilə helikopterdə uçuş həyəcanını yaşayıblar.

Sərgini, ümumilikdə, 30 min insan ziyarət edib.

© xezerxeber.az

FOTOQALERIYA






119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR