“Huawei” sanksiyalar səbəbindən yeni noutbukun istehsalını dayandırıb

12.06.2019 17:53

Çinin "Huawei” kompaniyası "Matebook” noutbukunun yeni versiyasının istehsalını qeyri-müəyyən vaxtadək təxirə salıb.

AZƏRTAC Theinformation.com saytına istinadla xəbər verir ki, yeni noutbuk modeli bu həftə Şanxayda keçiriləcək "CES Asia 2019” sərgisində ictimaiyyətə təqdim olunmalı idi. Kompaniya nümayəndələrinin məlumatına görə, yeni notbukun istehsalının dayandırılması barədə qərar onlara qarşı tətbiq olunan sanksiyalar səbəbindən qəbul edilib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də "Huawei” kompaniyasını qara siyahıya salıb.

Amerikanın "Google” kompaniyası isə öz növbəsində "Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra "Android” proqram təminatından və "Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək. Eyni zamanda "Intel”, "Broadcom” və digər IT nəhəngləri də Çin korporasiyası ilə əməkdaşlıqdan imtina edib.

"Matebook” noutbuklarının istehsalında məhz "Intel” prosessorlarından, həmçinin "Windows” əməliyyat sistemindən istifadə edilirdi. Beləliklə, yeni noutbuk "Huawei” kompaniyasının sanksiyalar səbəbindən bazara çıxa bilməyəcəyi ilk məhsulu olacaq.

"Huawei” isə öz növbəsində ABŞ hakimiyyətinin fəaliyyətini təhlükəli presedent adlandırıb. Kompaniyanın hüquqi məsələlər üzrə baş mütəxəssisi Sun Lüpinin sözlərinə görə, ABŞ-ın bu məqsədlə bütün mümkün alətlərdən və dövlət gücündən istifadə etməsi bənzər hadisənin istənilən sahə və müəssisənin başına gələ biləcəyindən xəbər verir.

Qeyd edək ki, 2018-ci ildə "Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR