Xəzər Xəbər

İstehlakçılar brendə və dizayna görə pul xərcləyirlər

Texnologiya | 12:49 • 21 Noyabr 2017
İstehlakçılar brendə və dizayna görə pul xərcləyirlər

"Apple” şirkəti pərakəndə ticarət şəbəkəsində satdığı hər bir "iPhone 7” smartfona görə təqribən 42 faiz xalis gəlir əldə edir. Bir sıra başqa məşhur şirkətlərdə olduğu kimi bu korporasiyada da mobil telefonların qiyməti çox cəhətdən həmin telefonların brendi, aparat hissəsinin dizaynı və proqram təminatı ilə bağlıdır.


AZƏRTAC BMT Radiosuna istinadla bildirir ki, bu məlumatlar Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (ÜİMT) yeni məruzəsində əks olunub. Məruzə müəllifləri qəhvə, günəş panelləri və smartfonlar istehsal edən şirkətlərdə malların dəyərinin yaranması mərhələlərini araşdıraraq son məhsulun dəyərinin işçi qüvvəyə, maddi kapitala, qeyri-maddi aktivlərə düşən hissələrini tədqiq ediblər.


Ekspertlər müəyyən ediblər ki, sənaye mallarının dəyərinin təxminən üçdə bir hissəsi "qeyri-maddi məsrəflər”lə bağlı olub, brend, sənaye nümunələri və istifadə edilən texnologiyalarla müəyyən edilir. Bu halda qeyri-maddi kapitala əsaslanan rəqabət üstünlüklərinin çox hissəsi intellektual mülkiyyət hüququ ilə bağlıdır.


ÜİMT-də qeyd edirlər ki, dəyərin yaranmasının müasir qlobal zənciri çərçivəsində şirkətlərin firavanlığı və nüfuzu getdikcə daha artıq dərəcədə qeyri-maddi kapitaldan asılı olacaq.

Xəbər lenti