Xəzər Xəbər

Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Region | 17:08 • 18 Fevral 2019
Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən dövlət müəssisələrindən, fərdi yaşayış evlərindən və ticarət obyektlərindən silsilə oğurluqlar etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş iki şəxsi saxlayıb. Araşdırmalarla onların Quba rayonu, Küpçalqışlaq kənd sakini Ruslan Şahmirzəyev və tanışı Abşeron rayonu Saray Bağlar massivində yaşayan Azad Bəşirov olduğu müəyyənləşdirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.


Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şahmirzəyevlə Azad Bəşirov məhkumluq həyatı yaşayan zaman cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxdıqdan sonra əlaqələrini kəsməyən hər iki şəxs oğurluq etmək qərarına gəliblər. Quba rayonunda yerləşən bir neçə dövlət müəssisəsini, fərdi yaşayış evlərini və ticarət obyektlərini hədəf seçən dəstə üzvləri, ümumilikdə, 11 müəssisə və obyektə qanunsuz daxil olaraq, oradan pul, tütün məmulatları, yeyinti məhsulları, elektrik naqilləri, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Saxlanılan şəxslər, həmçinin obyektlərdə quraşdırılmış video müşahidə kameralarının yaddaş qurğularını da oğurlayaraq, törətdikləri cinayət hadisəsinin izini itirmək istəyiblər.


Həmin şəxslərin ətraflarında aparılan tədbirlərlə onların başqa rayonlarda da oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, Ruslan Şahmirzəyev və Azad Bəşirov Xaçmaz rayonu ərazisində yerləşən daha üç mağazadan oğurluq törədərək, sahiblərinə maddi ziyan vurublar. Həmçinin R.Şahmirzəyevin oğurluqdan əldə etdiyi pullarla özünə "VAZ 2106” markalı nəqliyyat vasitə aldığı da müəyyən edilib.


Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun, elektrik cihazların, avadanlıqların bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.


Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Xəbər lenti