Xəzər Xəbər

Baramaçılıq gəlirli sahədir - FOTO

Region | 13:19 • 22 May 2018
Baramaçılıq gəlirli sahədir -

Şimal-qərb bölgəsinin digər rayonları kimi, Zaqatalada da baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Zaqatala rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son iki ildə rayonda təsərrüfatın bu sahəsinə maraq göstərənlərin sayı xeyli artıb. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.


Son illər Zaqatala rayonunun Lahıc kəndində də baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Kəndin ərazi icra nümayəndəsi Yaşar İbrahimov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbət zamanı bildirib ki, əhali sovet dövründə də baramaçılıqla məşğul olub, bu sahədə zəngin təcrübəsi var. Vaxtilə bu kənddə 14-15 ton barama istehsal olunurdu. Baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər kənd əhalisinin ürəyincədir. Ötən il bu kənddə 7 kümçü ailəsi 235 qram ipəkqurdunun bəslənilməsi ilə məşğul olub, 809 kiloqram yaş barama istehsal ediblər. Bir ay müddətində bu ailələr baramaçılıqdan ümumilikdə 7 min manatdan çox gəlir götürüblər. Bir kiloqram yaş baramanın qiymətinin 9 manat olması kənd əhalisinin bu sahəyə marağını daha da artırıb. Bu il kəndin kümçülərinə ötən ildəkindən iki dəfə çox, yəni 589 qram ipəkqurdu paylanılıb. Baramaçılığın gələcək yem bazasını təmin etmək məqsədilə son iki ildə kəndin ərazisində 5 min ədəd Çindən gətirilən, 3 min ədəd isə yerli tut tingi əkilib.


AZƏRTAC-ın bölgə müxbiri Lahıc kəndində kümçü Səlim Məmmədovun ailə təsərrüfatında ipəkqurdlarının bəslənilməsi prosesini yaxından izləyib. Ailə baramaçılıqla 2008-ci ildən məşğul olsa da, ötən ildən başlayaraq bu gəlirli sahəyə xüsusi maraq göstərir. Keçən il Məmmədovlar ailəsi 25 qram ipəkqurdu bəsləyib, 80 kiloqram yaş barama istehsal edib. Baramaçılığa göstərilən dövlət qayğısından ruhlanan kümçü ailəsi cari mövsümdə 60 qram ipəkqurdu bəsləyir. Ailə bu il barama istehsalını 160 kiloqrama çatdırmağı planlaşdırır. Təsərrüfat sahibi ipəkqurdunun bəslənilməsi üçün həyətində zəruri şəraiti olan geniş qapalı yer ayırıb, xüsusi rəflər quraşdırıb, otağın qızdırılması üçün odun sobası qoyub. İpəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağı həyətdəki bağdan, həmçinin kəndin ərazisindəki əkin sahələrinin kənarında əkilmiş tut ağaclarından tədarük olunur.


Baramaçılığın çox gəlirli sahə olduğunu vurğulayan Səlim Məmmədov deyib: "İpəkqurdunun bəslənilməsi üçün bir ay əziyyət çəkməli olursan. Qısa müddətdə çəkdiyin zəhmətin bəhrəsini görürsən. Digər təsərrüfat sahələrində isə belə deyil, məhsul istehsal etmək üçün bir neçə ay gözləməlisən. Ailəmizin qazancı uzun illərdir ki, maldarlıq və əkinçilikdən formalaşırdı. Ötən il baramaçılığın hesabına ailə büdcəmizin gəlirləri daha da artdı. Ona görə də, növbəti illərdə barama istehsalını daha da artırmağı düşünürəm”.


Təsərrüfat rəhbəri deyib ki, keyfiyyətli barama istehsal etmək üçün müəyyən şərtlərə ciddi əməl edilməlidir. İpəkqurdu bəslənilən otaq təmiz, quru və isti olmalıdır. Otağın temperaturu 24-25 dərəcədə saxlanılmalıdır. İpəkqurdunu gün ərzində 4 dəfə yemləmək lazımdır. "Bütün bu şərtlərə vaxtında və düzgün əməl etsən, istehsal etdiyin barama məhsulu da keyfiyyətli olacaq”, - deyə Səlim Məmmədov qeyd edib.

Xəbər lenti