Belarusun səfiri Gəncəyə səfər edib

28.10.2020 11:39

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Gəncəyə gəlib.

Xezerxeber.az xəbər verir ki, səfir Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən erməni terorunun izləri ilə tanış olacaq, dağılmış evlərə baxacaq, həlak olan və yaralanan ailələrin yaxınları ilə görüşəcək.

Xatırladaq ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Ermənistan ordusunun oktyabrın 11-də Gəncəni raketlərlə atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər dinc sakin həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 mülki şəxs yaralanıb. Oktyabrın 17-də yenidən Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində isə 14 dinc sakin həlak olub, 50-dən artıq mülki şəxs yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Düşmən daha bir müharibə cinayətini isə oktyabrın 27-də Bərdəni mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə tutmaqla törədib. Nəticədə aralarında 8 yaşlı uşaq da olmaqla 4 dinc sakin həlak olub, 10-dan çox mülki şəxs yaralanıb.

Beləliklə, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U”, "Smerç”, "Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR