Zəbt olunmuş örüş sahələri əhalinin istifadəsinə verilir

19.05.2020 15:42

İsmayıllının Quşencə və Qalınçaq kəndlərində, həmçinin Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülür, maneə məqsədilə qazılmış arxlar doldurulur. Bir neçə gün öncə sakinlər tərəfindən çoxsaylı şikayətləri nəzərə alaraq, rayonun icra hakimiyyətinin rəhbərliyi adıçəkilən kəndlərə baş çəkib, örüş yerlərini özbaşına zəbt etmiş, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərlə görüşüb. 

İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan xezerxeber.az-a verilən məlumata görə, karantin qaydalarına əməl olunaraq təşkil olunmuş görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak edib. Bu cür əməllərin, həmçinin bunlara şərait yaratmaq və ya göz yummağın qanuna zidd olduğu izah olunub, maarifləndirmə aparılıb.

Bildirilib ki, örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Vurğulanıb ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilmiş torpaq özbaşına hasarlanarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.

O da diqqətə çatdırılıb ki, torpaqlardan təyinatı üzrə istifadə edilməzsə İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.


© xezerxeber.az

FOTOQALERIYA






294 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR