1990-cı il 24 yanvar: sovet imperiyasının Cəlilabadda qanunsuz həbsləri - REPORTAJ

24.01.2020 15:15

İyirmi Yanvar faciəsindən sonra azğınlaşmış rus imperiyasının əsgərləri Azərbaycanda təxribatlar törətmək üçün bölgələrə tanklar yeritdilər. Həmin günlərdə ölkəmizin azadlıq eşqini boğmağa çalışan sovet ordusu 1990-cı il yanvarın 24-də Cəlilabadda dinc insanlara divan tutub, onları günahsız yerə həbs edib.

Qanlı Yanvar faciəsindən sonra Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirilirdi. Bu mitinqlər Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bölgələr içərisində Cəlilabadda azadlıq hərəkatı daha fəal olduğundan sovet silahlıları burada 1990-cı il yanvarın 23-dən 24-nə keçən gecə kütləvi həbslər apardılar. Həmin günlər qanunsuz həbs olunaraq ağır işgəncələrə məruz qalan hadisə şahidlərindən biri də şəhid atası Mirşamil Mürsəlovdur. O deyir: "20 Yanvar faciəsinin davamı olaraq yanvarın 24-də xüsusi məqsədlə sovet imperiyasının əsgərləri paytaxt Bakıda törətdikləri vəhşilikləri Cəlilabad rayonunda da həyata keçirdilər. Cəlilabadlılara qarşı divan tutuldu. Biz Cəlilabaddakı meydanda Bakıda azadlıq uğrunda canlarını fəda etmiş həmvətənlərimizə hüzr mərasimi keçirirdik. Tanklar həmin hüzr mərasimlərini dağıtdılar, kütləvi həbslərə başladılar. Həmin hadisələrin iştirakçısı olaraq mən də həbs olundum. Bütün bunlara baxmayaraq, biz məğrurluğumuzu və qürurumuzu itirmədik. Qəddar imperiyanın devrilməsinə nail olduq. Müstəqilliyimizi əldə etdik”.

Cəlilabadda o dəhşətli gecənin şahidlərindən biri də Səxavət Məhərrəmovdur. Şahidin sözlərinə görə, Cəlilabadda baş verən yanvar hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Aldığı güllə yaraları ağır olduğundan onlardan 14 nəfəri əlil oldu: "Qanlı Yanvar hadisələri olduqca dəhşətli və məşəqqətli idi. Biz həmin günlərdə qətiyyətlə mübarizə aparıb sözümüzü dedik. Əliyalın insanlarımızı günahsız yerə güllələdilər. Biz onların qanı bahasına müstəqillik əldə etdik. Şükür Allaha, bu gün qüdrətli dövlətimiz və ordumuz var”.

Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik. Çünki Qanlı Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR