Xəzər Xəbər

Sumqayıtda evin yaxınlığında əl qumbarası aşkarlanıb - FOTO

Region | 18:55 • 18 May 2020
Sumqayıtda evin yaxınlığında əl qumbarası aşkarlanıb -

Mayın 18-də saat 09:28-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, 29-cu məhəllə ev 1/16-nın yaxınlığında bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.


ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Sumqayıt Şəhər Baş Polis İdarəsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri və şəhər baş polis idarəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Qumbaranın ətrafında 350 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti