Xəzər Xəbər

Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi erməni vandalizminə məruz qalıb - FOTO

Mədəniyyət | 08:43 • 21 Dekabr 2020
Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi erməni vandalizminə məruz qalıb -

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Ermənistan silahlı birləşmələrinin işğal etdiyi digər rayon və şəhərlərdə olduğu kimi Şuşada da mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdıb və ya erməniləşdirib.


Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əlieyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub.


Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.


Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri həyata keçirilir. Qiymətləndirmə və inventarlaşdırma işləri başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. (AZƏRTAC)

Xəbər lenti