Xəzər Xəbər

İçərişəhərdə qədim “Qurama” sənəti bərpa olunur

Mədəniyyət | 09:18 • 19 Dekabr 2020
İçərişəhərdə qədim “Qurama” sənəti bərpa olunur

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan "Qurama” sənətinin yenidən bərpa olunmasına start verilir.


İdarədən bildirilib ki, zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutur. Bu tikmə növü əvvəllər parçaya qənaət məqsədilə istifadə olunsa da, sonralar gözəl bir bədii sənətkarlıq növünə çevrilib. Konkret üslubu olmayan bu sənət növündə ustadan sadəcə bədii zövq və uyğun rənglərdən kompozisiya qurmaq istedadı tələb olunur.


Layihənin həyata keçirilməsində məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin fabrik istehsalının artması ilə unudulmaq təhlükəsi yaşayan qurama sənətinə yeni həyatın verilməsi və dünyada tanıdılmasıdır. Layihə çərçivəsində qurama tikmə sənətini interaktiv turlara daxil etməklə "Qala" qoruğunda yerli və xarici turistlərin marağına səbəb olacaq ustad dərslər də təşkil olunacaq.

Xəbər lenti