Xəzər Xəbər

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert telekanallarda yayımlanacaq

Mədəniyyət | 14:19 • 10 May 2020
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert telekanallarda yayımlanacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə virtual konsert proqramı hazırlanıb. Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə Heydər Əliyev Mərkəzində tamaşaçısız zalda həyata keçirilib.


AZƏRTAC xəbər verir ki, layihə dizayn və texniki həll baxımından maraqlı cəhəti ilə fərqlənir. Belə ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası üzvlərinin çıxışları hər biri ayrılıqda çəkilib, Heydər Əliyev Mərkəzinin auditorum zalındakı solo çıxışlarla sinxronlaşdırılıb. Konsertdə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Ənvər Sadıxov, Əməkdar artistlər Sevda Ələkbərzadə, Fərqanə Qasımova, Sahib Paşazadə, Şəhriyar İmanov, tanınmış opera müğənnisi Azər Zadə, skripka ifaçısı Ceyla Seyidova, "Natiq” Ritm Qrupu və digərləri iştirak edirlər.


Eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlı incəsənət ustaları – Xalq artistləri Əlixan Səmədov, Elçin Əzizov və Dinarə Əliyeva, mahir pianoçu Etibar Əsədli də konsert proqramına virtual olaraq qoşulub.


Əməkdar artist Fuad İbrahimovin dirijorluğu ilə keçən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.


Konsert proqramı bu gün saat 21:30-da Azərbaycan Televiziyası, İctimai TV və Real TV-də yayımlanacaq.

Xəbər lenti