Xəzər Xəbər

Şəki Xan Sarayına giriş bərpa edilə bilər

Mədəniyyət | 14:12 • 23 İyul 2019
Şəki Xan Sarayına giriş bərpa edilə bilər

"Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilə bilər”.


Bu barədə APA-ya Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə məlumat verib.


O bildirib ki, Şəki Xan Sarayının ərazisinə girişin bərpası digər aidiyyəti dövlət strukturları ilə razılaşdırılmalıdır.


"Artıq ərazidə bərpa, təmizlik işləri aparılıb, ağaclar budanılıb. Digər dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilə bilər”, - K. Quluzadə qeyd edib.


Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada ölüb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yerdə qalan yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar. Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlıdır.

Xəbər lenti