Xəzər Xəbər

Misirdə “qara arxeoloqlar” qədim sərdabə tapıblar

Mədəniyyət | 17:57 • 6 Fevral 2019
Misirdə “qara arxeoloqlar” qədim sərdabə tapıblar

Misirdə "qara arxeoloqlar” Giza piramidaları rayonunda naməlum sərdabə aşkarlayıblar. Həmin sərdabə yaxınlıqda yerləşən və 4,5 min ildən çox yaşı olan Xeops piramidasına aid ola bilər.


AZƏRTAC Misirin "Əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, cinayətkarlar gecə saatlarında məşhur piramidanın 30 metrliyində yerləşən evin daxilində qazıntı aparıblarmış. Polis artıq onları həbs edib. Misir Abidələri üzrə Nazirlik isə sensasiya doğuran tapıntının tədqiqinə başlayıb.


Əldə edilən məlumata əsasən, "qara arxeoloqlar” yaşayış evinin döşəməsində uzun dəhlizə və daş süxurunda oyulmuş bir neçə zala aparan quyu qazıblar. Həmin zalların birində daşdan yonulmuş kişi heykəlləri və saxsı qab aşkarlanıb. Alimlər həmin sərdabənin Misir tarixinin qədim dövrlərinə, ola bilsin ki, fironların 5-ci sülaləsinə (eramızdan əvvəl 2504-2347-ci illər) aid olduğunu ehtimal edirlər.


Qeyd edək ki, həmin rayonda yaşayış binalarının altında qədim tikililər və sərdabələr ola biləcəyi üçün hakimiyyət əhaliyə müstəqil qazıntı aparmağı qadağan edib. Ərazidə evlər sıx tikildiyindən arxeoloqlar da burada qazıntı apara bilmirlər.

Xəbər lenti