Xəzər Xəbər

Arxeoloqlar 4500 il əvvəl tikilmiş evlər tapıblar

Mədəniyyət | 09:17 • 7 İyul 2018
Arxeoloqlar 4500 il əvvəl tikilmiş evlər tapıblar

Arxeoloqlar Giza piramidalarının yaxınlığında 4500 il əvvəl tikilmiş iki qədim ev aşkar ediblər. Evlərin əsgərlər üçün ərzaq tədarük edən insanlara məxsus olduğu güman edilir.


AZƏRTAC "LiveScience” saytına istinadla xəbər verir ki, arxeoloqların qədim Giza limanında aşkar etdikləri bu evlərin Menkaur piramidalarının tikintisi zamanı (e.əv. 2490-2472-ci illər) inşa edildiyi bildirilir. Evlərin həyətində ev heyvanları üçün xüsusi yerlər də var.


Evlərin birində olan otaqda kahin tərəfindən ayinlər yerinə yetirilib. Qədim Misir Araşdırmaları Assosiasiyasının direktoru Mark Leyner burada yaşayan kahinin firona yaxın və nüfuzlu adam olduğu qənaətindədir. Onun sözlərinə görə, ikinci evin həyətində aparılan qazıntılar zamanı ərzaq tədarükü üçün istifadə olunan alətlər tapılıb. Bu evlərin limana yaxın yerləşən 1000 əsgərdən ibarət qoşun hissələrinin kazarmalarına bitişik tikilməsi də bununla əlaqədardır.


Mark Leyner deyib ki, bu qədər əsgərin ərzaqla təmin edilməsi üçün hər gün 877 kiloqram taxıl üyüdülməsi lazım gəlirdi. Evlərdə tədarük olunan buğda Misirin müxtəlif bölgələri və Aralıq dənizinin şərqindəki əyalətlərdən gətirilib. Buradakı otaqlardan biri isə limanda işləyən mirzələrin sərəncamına verilib. Onlardan biri olan Merer adlı müfəttiş firon Xufunun dövründə yaşayıb və papirusları günümüzədək gəlib çatıb.


2019-cu ildə arxeoloqlar evlərin aşkar olunduğu ərazidə qazıntıları davam etdirəcək.

Xəbər lenti