Xəzər Xəbər

Fransalı alim Cəlilabadda qədim at qalıqlarını araşdırır - FOTO

Mədəniyyət | 13:40 • 1 Fevral 2018
Fransalı alim Cəlilabadda qədim at qalıqlarını araşdırır -

Fransanın Milli Təbiət Tarixi Muzeyinin əməkdaşı, doktor Remi Berthon Azərbaycan ərazisində neolit dövrünə aid heyvan qalıqlarının ən son texnologiyalar üzrə analizlərini aparmaq üçün Bakıda elmi ezamiyyətdədir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan xezerxeber.az-a bildirilib ki, mərhum arxeoloq Fərman Mahmudovun XX əsrin 80-ci illərində eramızdan əvvəl V minilliyin sonuna aid son neolit Əliköməktəpə (Cəlilabad rayonunun Üçtəpə kəndi) abidəsində aşkarladığı qədim at qalıqları fransalı alimin əsas tədqiqat obyektidir. R.Berthon bu əhəmiyyətli tapıntının Fransanın ən müasir texnologiyalarla təchiz olunmuş elmi laboratoriyalarında hərtərəfli analizini təşkil edəcək.

Fransalı alimə hazırda apardığı araşdırmalarda Cəlilabad rayonundakı Əliköməktəpə və Polutəpə son neolit abidələrində tədqiqat aparan arxeoloji ekspedisiyanın rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tufan Axundov dəstək göstərir. Aparılan ilkin tədqiqatlarda, həmçinin Parisdəki Milli Təbiət Tarixi Muzeyində elmi təcrübə keçmiş Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, paleozoologiya üzrə ixtisaslaşan arxeoloq Svetlana Ağasoylu da iştirak edir.

Qeyd edək ki, doktor R.Berthon uzun müddət Türkiyədə və Naxçıvan Muxtar Respublikasında neolit, xalkolit və ilk tunc dövrü abidələrindəki arxeoloji ekspedisiyalarda paleozooloji araşdırmalar aparıb.

Xəbər lenti