Xəzər Xəbər

Dubayda ərəb dünyasında ən böyük kitabxana açılacaq

Mədəniyyət | 16:46 • 17 Yanvar 2018
Dubayda ərəb dünyasında ən böyük kitabxana açılacaq

2018-ci ilin ortalarında Dubayda Məhəmməd bin Rəşid Al Maktub adına böyük kitabxana açılacaq. Tikintisi Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun göstərişi ilə 2016-cı ilin fevralında başlanılan kitabxananın fondunda 1,5 milyondan çox cilddə kitab, 1 milyon audiokitab və 2 milyon elektron kitab saxlanılacaq. Beləliklə, 1 milyard dirhəmə (270 milyon dollar) başa gələn kitabxana dünyada ən iri elektron kolleksiya və ərəb dünyasında ən böyük kitabxana olacaq. 

Ümumi sahəsi 90 min kvadratmetrdən çox olan kitabxana ixtisaslaşdırılmış bölmələrdən ibarətdir: ərəbdilli kitabxana, kütləvi kitabxana, uşaq kitabxanası, beynəlxalq kitabxana, kütləvi informasiya vasitələri kitabxanası, dövri nəşrlər kitabxanası. Yeni kitabxana ildə 42 milyondan çox oxucu və 100-dən çox mədəni tədbir qəbul edə biləcək. Açıq kitab şəklində inşa edilmiş yeddimərtəbəli binada rəsm qalereyası, habelə ərəb dilinin dəstəklənməsi və inkişafı üzərində işləyən ixtisaslaşdırılmış müəssisələr də yerləşəcək. Kitabxanada kitabların, əlyazmaların və sənədlərin qorunub saxlanılması və bərpa edilməsi mərkəzi, Al Maktum kolleksiyası üçün xüsusi kitabxana və sivilizasiya muzeyi fəaliyyət göstərəcək.

(AZƏRTAC)

Xəbər lenti