Xəzər Xəbər

Gəncədə son tunc dövrünə aid maddi-mədəniyyət nümunələri tapılıb - FOTO

Mədəniyyət | 16:05 • 24 Oktyabr 2017
Gəncədə son tunc dövrünə aid maddi-mədəniyyət nümunələri tapılıb -

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Gəncə şəhəri ərazisindəki kurqanlarda arxeoloji qazıntı işlərinə başlayıb.


Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov AZƏRTAC-a bildirib ki, 2015-ci ildə Gəncə şəhəri ərazisində qeydiyyata alınmış kurqanlardan dördü tədqiqata cəlb edilib. Aparılan qazıntı işləri zamanı kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu müəyyənləşdirilib. Kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfərin dəfn edildiyi aşkarlanıb.


İnsanın sümük qalıqları fizioloji quruluş formasının pozulmuş vəziyyətində və kameraların müxtəlif dərinliklərində aşkara çıxarılıb. Kurqan kameralarından müxtəlif təyinatlı və formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, müxtəlif ölçülü tunc düymələr, tunc və əqiq muncuqlar, obsidiandan hazırlanmış ox ucluqları, daş toppuz və s. maddi-mədəniyyət nümunələri tapılıb. Bu nümunələr analoji oxşarları ilə müqayisə əsasında son tunc - ilk dəmir dövrünə, eramızdan əvvəl ikinci minilliyin axırlarına aid edilib. Ərazidə qazıntı və laborator işlər davam etdirilir.

Xəbər lenti