2011-ci ildən etibarən hər il
mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu
tərəfindən Xınalıq və ətraf ərazilərdə arxeoloji tədqiqat işləri
aparılır.
Nazirlikdən
XəzərXəbər-ə verilən məlumata görə, arxeoloji qazıntı işləri nəticəsində çox saylı
kurqanlarla yanaşı, "Zangar” (Xınalıq) və "Kıma liqebriş” (qədim
qəbiristanlıq) kimi müxtəlif dövrlərə aid yeni abidələr aşkar olunub.
Qeyd olunan abidələr Azərbaycan ərazisində dəniz səviyyəsindən yerləşmə hündürlüyünə görə erkən tunc dövrünə aid nadir tapıntılar sayıla bilər.
2017-ci ilin iyul ayından etibarən "Xınalıq" Dövlət tarix-memarlıq və
etnoqrafiya qoruğunun 2 km cənub-şərqində, Qudyalçayın sağ sahilində
yerləşən "Kıma liqebriş" (qədim qəbiristanlıq) adlanan ərazidə aparılan
arxeoloji qazıntı işləri nəticəsində antik dövrə aid (e.ə. III-II əsr)
qəbiristanlıq aşkar edilib. Tədqiq olunan qəbirlərdən maddi mədəniyyət
nümunələri - bir ədəd dəmir ox ucu, müxtəlif növ muncuqlar, tuncdan
hazırlanmış unikal bəzək əşyaları aşkar olunub. Əldə olunan tapıntılar
Xınalıqla Qafqazın müxtəlif bölgələri arasında iqtisadi və mədəni əlaqələrin olmasına dəlalət edir.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan 5000 illik tarixə
malik Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər
tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış
məntəqəsi olaraq qalır.
Qeyd edək ki, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq
kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə
malikdir.
Azərbaycan Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli sərəncamı ilə Quba
rayonunun Xınalıq kəndinin tarixi ərazisinin "Xınalıq" Dövlət
tarix-memarlıq və etnoqrafiya qoruğu elan olunduqdan sonra, Xınalıq
kəndinin adət-ənənəsinin və unikal görünüşünün qorunub saxlanılması,
dilinin və etnoqrafiyasının öyrənilməsi istiqamətində Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən sistematik olaraq bir sıra mühüm işlər
görülüb.