Xəzər Xəbər

Özlərinin başqa planetdən gələn mələk olduqlarına inanırlar… – Qorxunc təriqət

Maraqlı | 11:32 • 5 Dekabr 2019
Özlərinin başqa planetdən gələn mələk olduqlarına inanırlar…

Çox vaxt zəngin insanların qurduğu təriqətlər maddi vəsaitlər hesabına yayılaraq "beyin yuma” vasitəsinə çevrilir. Belə təriqətlər insanın düşüncə və xarakterinin dəyişməsinə qədər təsiredici gücə malikdir. Bunlardan biri də illər əvvəl 48 nəfərin intiharına səbəb olan Günəş Məbədi təriqətidir.

Günəş Məbədi (Ordre du Temple Solaire /OTS) 1984-cü ildə İsveçrədə Lyü Jüre və Jozef Di Mambro tərəfindən qurulub.

Hazırda Kanadada fəaliyyət göstərən Günəş Məbədinin mərkəzi İsveçrədə yerləşir.

İsanın ikinci qayıdışı

Təriqətin əsl məqsədi doğru səlahiyyət və güc anlayışlarını formalaşdırmaq, bəşəriyyəti "Tanrının oğlu” adlandırılan İsanın dünyaya ikinci dəfə qayıdışına hazırlamaqdır.

Günəş Məbədini Xristian və İslam dinlərini birləşdirən bir təriqət kimi də qəbul etmək olar. Təriqətin 442 üzvünün olduğu ehtimal edilir.

Günəş Məbədinə inananların yaşadığı əsas ölkələr isə Fransa, İsveçrə, Kanada, ABŞ, İspaniya və Martinikadır.

Səmadan gələn mələklər

İçki və siqaretə etiraz edən təriqət üzvləri başqa planetdən gələn mələklər olduqlarına inanırlar. Bir-birinə "qardaş” deyə xitab edərək, özlərini Günəş Məbədi üçün asanlıqla qurban verə bilirlər.

Məbəd liderləri Proxima adlı bir planetdən UNO-larla gəldiyini deyirlər. Bunun səbəbi isə Qiyamət günündə yadplanetlilərin onları xilas edəcəyinə olan inamdır. Təsadüfi deyil ki, təriqətin geniş yayıldığı 1980-ci illərdə məbədçilərin evlərinin zirzəmilərində çoxlu sayda holoqram texnologiyasına bənzər cihazlar aşkar olunmuşdu.

Qanlı rituallar

Ölmək istəyənlər çox vaxt dini ritualla son vəzifələrini yerinə yetirib kütləvi intiharlara təhrik edilir. Öləndə boyunlarında ikibaşlı qartalın olduğu medal və ritual libasları olur. Çox vaxt odlu silahla başlarına atəş açır və ya özlərini yandırırlar.

Təriqət üzvləri Dəccaldan qaçmağa və ya onu dayandırmağa çalışırlar. Məbədə görə, ölüm ­– Dəccal onlara çatmadan xilas olmaqdır. Vaxtilə kiçik yaşlarında hələ təriqətin mahiyyətini bilməyən uşaqlar təriqətin bu sərt prinsipləri ilə ölümə göndərilirdi. Məbəd haqda heç bilməyənlərin taleyi isə daha dramatik olurdu, rituallarda qurban edilirdilər.

Zirzəmidəki müəmmalı cəsədlər

1994-cü ildə polisin geniş miqyaslı əməliyyatlarından sonra Günəş Məbədinin qaranlıq siması gün işığına çıxmağa başladı. Həmin il İsveçrənin Şeri qəsəbəsində bir evdə dəhşətli yanğın baş verdi. Hadisə yerinə gələn polis evin zirzəmisində Günəş Məbədinə aid simvollar, 48 nəfərin cəsədini tapdı. İntihar edənlərin əksəriyyəti gənclər və uşaqlardı. Ölənlər ritual libaslarında idi.

İntihar edənlər arasında təriqətin qurucları Lyü Jüre və Jozef Di Mambro da vardı.


Teleraf.com

Xəbər lenti