Xəzər Xəbər

Fransa kraliçasının zinət əşyası hərracda 36 milyon dollara satılıb

Maraqlı | 14:02 • 15 Noyabr 2018
Fransa kraliçasının zinət əşyası hərracda 36 milyon dollara satılıb

Fransa kraliçası Mariya Antuanettanın (1755-1793) brilyant və qeyri-adi ölçüyə malik təbii mirvari ilə bəzədilmiş zinət əşyası Sotheby's satış evinin Cenevrə şəhərində keçirilən hərracında 36 milyon dollara satılıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, ilkin olaraq 2 milyon dollar qiymət qoyulan lot yekunda mirvari ilə işlənmiş zinət əşyaları arasında rekord məbləğə satılıb. Ümumilikdə isə hərraca Mariya Antuanettanın həm zərgərlik, həm də tarixi baxımdan qiymətli 10 bəzək əşyası çıxarılıb. Onların arasında kraliçanın mirvari və brilyant sırğaları, həmçinin 300-dən çox təbii mirvari dənəsindən ibarət boyunbağısı da var. Avropanın kral ailələrinə məxsus 100 müxtəlif bəzək əşyasının satışa çıxarıldığı hərracda Mariya Antuanettanın zinət əşyalarının ümumi satış məbləği 53,2 milyon dollara çataraq kraliça kolleksiyaları üçün dünya rekordu müəyyənləşdirib.


Qeyd edək ki, XVI Lüdovikin həyat yoldaşı Mariya Antuanetta 1774-1792-ci illərdə Fransa kraliçası olub. O, xalqın yoxsulluq içində yaşadığı bir vaxtda bədxərclikdə və dəbdəbə sevgisində ittiham edilirdi. Böyük Fransa İnqilabı (1789-1799) zamanı əks-inqilabi sövdələşmələrdə iştirak edən kraliça xarici müdaxilənin tərəfdarı idi. 1792-ci ildə Monarxiya devrildikdən sonra həbs edilən Mariya Antuanetta 1793-cü il oktyabrın 16-da gilyotində edam olunmuşdu.

Xəbər lenti