Xəzər Xəbər

Bir şüşə konyak 150 min dollara satılıb

Maraqlı | 16:47 • 29 May 2020
Bir şüşə konyak 150 min dollara satılıb

1762-ci ildə qabblaşdırılmış və dünyanın ən qədim spirtli içkilərindən biri sayılan fransız konyakı "Sotheby's” satış evinin təşkil etdiyi hərracda 118 min funt-sterlinqə (təxminən 150 min dollar) satılıb.


AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, "Gautier” konyak evi tərəfindən istehsal edilən spirtli içki asiyalı kolleksiyaçı tərəfindən rekord qiymətə satın alınıb. Alıcının adı açıqlanmır.


Satış evinin eksperti Conni Foulun sözlərinə görə, spirt dərəcəsi yüksək olan içkilər uzun müddət keyfiyyətini itirmir və 258 il bundan öncə istehsal olunan konyak da əla vəziyyətdə qalıb.


"Gautier” evinin 1762-ci ildə istehsal etdiyi konyakın günümüzə qədər gəlib çatan üç şüşəsindən biri 2014-cü ildə Nyu-York şəhərində 59,9 min dollara satılıb, digəri isə hazırda Gotye muzeyində saxlanılır.


Online şəkildə keçirilən hərraca hər biri 75-100 min funt-sterlinq (91-122 min dollar) dəyərində qiymətləndirilən iki şüşə 62 illik "Dalmore” şotland viskisi, həmçinin 1966-cı ildə istehsal olunan və hər biri 40-55 min funt-sterlinq (49-67 min dollar) dəyərində qiymətləndirilən üç şüşə "Bowmore Bouquet” viskisi də çıxarılıb.

Xəbər lenti