ABŞ-ın azərbaycanlı icmasının fəalları Bəhram Bağırzadə ilə görüşüb - FOTO

26.04.2020 08:46

Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) "Şənbə söhbəti”nin növbəti qonağı Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə olub. Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan onlayn görüşə Virciniya, Merilənd, Nyu-York, Nyu Cersi, Meyn, İllinoys, Texas ştatları, eləcə də Kolumbiya dairəsində yaşayan icma fəalları qoşulub və görüş USACC-nin "Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.

Görüşdə Bəhram Bağırzadə yaradıcılığının ilk illəri, inkişaf mərhələləri, habelə onun naşir və maarifçi kimi fəaliyyəti barədə müzakirələr aparılıb, təhsil, mədəniyyət və incəsənət məsələləri ilə bağlı fikir mübadiləsi edilib. Görüş müddətində Bəhram Bağırzadə ona müxtəlif ştatlardan ünvanlanmış sualları cavablandırıb.

Qeyd edək ki, sayca üçüncü olan "Şənbə söhbət"lərinin əsas məqsədi ABŞ-da yaşayan azərbaycanlı icmanın Azərbaycanın tanınmış elm və mədəniyyət nümayəndələri ilə tanışlığı və onlarla birbaşa ünsiyyətinin qurulmasıdır.

Xatırladaq ki, indiyədək "Şənbə söhbəti"nin qonaqları Azərbaycanın Xalq şairi, müasir Azərbaycan fəlsəfi şerinin görkəmli nümayəndəsi Ramiz Rövşən və Azərbaycanın Xalq yazıçısı, Azərbaycan ədəbiyyatının detektiv janrının tanınmış nümayəndəsi Çingiz Abdullayev olub.

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən iki ölkə xalqları arasında anlaşma və əlaqələrin təbliği məqsədilə yaradılıb. Mərkəz hazırda Palatanın Vaşinqtonda yerləşən mənzil qərargahında fəaliyyət göstərir və iki sərgi salonuna malikdir. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






98 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR