Professor Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd olunacaq

28.02.2020 18:05

Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd olunacaq.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq görkəmli alimin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr etmiş, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynamışdır.

Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görmüşdür. "Əkinçi” qəzetinin və "Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf etmişdir.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR