İsraildə 3 min il tarixi olan qədim Misir artifaktı tapılıb

07.02.2020 13:30

İsrailin Hayfa şəhərinin yaxınlığında 3 min ildən çox yaşı olan qədim Misir artifaktı tapılıb. AZƏRTAC "Egypttoday” portalına istinadla xəbər verir ki, bu barədə İsrail KİV-də məlumat yayılıb.

Arxeoloqlar bildiriblər ki, daş kitabənin üzərində qədim Misir ilahəsi olan Seşat haqqında yazılar və rəsmlər var. Artifaktı Hayfa yaxınlığında üzən bir israilli baytar aşkar edib. Daş kitabənin tədqiqatı zamanı məlum olub ki, bu qiymətli artifakt eramızdan əvvəl XV əsrə aiddir. Həmin dövrdə qədim Misirdə on səkkizinci sülalənin hökmranlığı olub.

Arxeoloqların ehtimalına görə, tapılan daş kitabə qədim Misir fironlarının sarayına daxil olan məbəddə olub. Onlar artifaktın üzərindəki yazıların və rəsmlərin suyun altında qalmasına rəğmən keyfiyyətini qoruyub saxlamasından heyrətlərini də gizlətməyiblər. Güman edilir ki, daş kitabə firon III Tutmosun hərbi səfəri zamanı istifadə olunan və batan gəmidə olub.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR