Vladiqafqazda dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirə lövhəsinin açılışı olub

05.05.2019 17:44

"Azərbaycanlılar Konqresi” Şimali Osetiya Regional Milli-Mədəni İctimai Təşkilatı Böyük Vətən müharibəsində Qələbənin 74 illiyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirib.

Rusiya Azərbaycanlıları Liqasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə liqanın başçısı, akademik Fazil Qurbanovun rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edib.

Şimali Osetiya-Alaniya Respublikasının Elxotovo kəndində məscidin açılışı olub. Mərasimdə respublikanın rəhbəri Vyaçeslav Bitarov, İnquş Respublikasının başçısı Yunusbek Yevkurov, Şimali Osetiya-Alaniya Respublikası parlamenti sədrinin müavini Qari Kuçiyev, milli münasibət məsələləri üzrə nazir Aslan Sutsiyev, müfti, Şimali Osetiya-Alaniya Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri Hacımurad Qasalov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtuz Gülməmmədov, akademik Fazil Qurbanov və digərləri çıxış ediblər.

Rusiyanın Azərbaycan diasporunun rəhbəri Fazil Qurbanov respublika sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edib. O deyib: "Hər bir dini tikili, məbəd insanların vəhdətinə xidmət edir. Məhəmməd peyğəmbər deyirdi ki, kim Allahın üz-camalını görmək üçün məscid tikərsə, Allah da onun üçün cənnətdə həmin evin mislini tikər. Allah-Təala bizə yol verir, bu yolu biz getməliyik. Məhz məbədlər düzgün yol seçməyə kömək olur”.

Fazil Qurbanov qeyd edib ki, Bakıda bir sıra möhtəşəm tikililərin müəllifi, memar İosif Ploşkonun bu fantastik binasını görəndə bir daha peyğəmbərin sözlərini yada salırsan. "Bu bina dahi peyğəmbərin düşüncələrinin memarlıq təzahürüdür. Tikili dünyanın bir çox xalqlarının memarlıq mədəniyyətlərini özündə birləşdirir. Bu məscidin tikintisinin təşəbbüskarı barədə çox danışmaq olar. Azərbaycanlı milyonçu, mesenat, Bakıda neft sənayesi qurğuları istehsal edən ilk zavodların yaradıcısı Murtuza Muxtarov burada, Vladiqafqazda gələcək həyat yoldaşı Yelizavetanı sevib. O, tanınmış general Tuqanovun qızı idi. İnanıram ki, iki möhtəşəm binanı – Bakıdakı Muxtarov sarayını və bu gözəl məscidi tikən memarı Muxtarovun öz həyat yoldaşına olan böyük sevgisi ilhamlandırıb”.

Sonra Muxtarov məscidində məlumat lövhəsinin açılışı keçirilib.

Elə həmin gün Rassvet qəsəbəsində Böyük Vətən müharibəsi illərində həlak olanların xatirəsinə "Azərbaycanlı qardaşlarımıza” adlı abidənin bərpadan sonra açılışı olub.

Akademik Fazil Qurbanov tədbir iştirakçılarına müraciətində tarixə ekskurs edib: "1942-ci ilin payızında Ardon torpağında alman faşistlərinə qarşı şiddətli döyüşlər gedirdi. Rassvet qəsəbəsi ərazisində Bakıda formalaşdırılan 5 diviziya vuruşurdu. Onların vəzifəsi düşməni Bakı neftinə yaxın buraxmamaqdan ibarət idi və onlar bu tapşırığı yerinə yetirirdilər. Yüzlərlə əsgər və zabit, Azərbaycan xalqının nümayəndələri həmin ağır döyüşlərdə həlak oldular. Dahi qəhrəmanların ruhu şad olsun. Millətin böyüklüyü, yəqin ki, keçmişi yadda saxlamaqla, dəyərləndirməklə müəyyən edilir. Bu gün bu abidə təkcə qəhrəman döyüşçülərə deyil, həm də igidlik, mərdlik, cəsarət göstərmiş Osetin xalqına həsr edilir. Rusiyanın Azərbaycan diasporu adından Xutinayevlər ailəsinə xüsusi minnətdarlığımızı və salamlarımızı çatdırırıq. Bu gün bəzi ölkələrdə qəhrəmanların abidələri təhqir edilir. O adamlar məhz bu gün həmin qəhrəmanların hesabına doğulub və yaşayırlar. Sizin böyük keçmişə səmimi münasibətiniz, hörmətiniz Böyük Yaradanın vəsiyyət etdiyi yolda yeni nəsillər üçün parlaq işıqdır! Tarix təkcə keçmiş deyil, həm də gələcəyə mirasdır”, - deyə Rusiyanın Azərbaycan diasporunun rəhbəri bildirib.

Vladiqafqazda, Butırin küçəsi, 5 ünvanında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirə lövhəsinin açılışı olub.

Akademik Fazil Qurbanov açılış mərasimində bəstəkarın həyatından maraqlı faktlar danışıb: "Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisi, Şərqdə ilk konservatoriyanın yaradıcısıdır. Bu musiqi ocağı dünyaca məşhur bəstəkarlar, dirijorlar, ifaçılar yetişdirib. Mən bilirəm ki, bu xatirə lövhəsinin tarixçəsi bir neçə onilliyə aparır. "Alaniya irsi” dövlət müəssisəsinin direktoru Lyudmila Qaboyevanın xidmətlərini qeyd etmək lazımdır. Onun səyləri nəticəsində Butırin küçəsi, 5 ünvanında xatirə lövhəsi açıldı. Üzeyir Hacıbəyli burada, öz qohumunun evində tez-tez qalır, tanınmış insanlarla görüşürdü. Burada dahi "Arşın mal alan” operettası rus dilinə tərcümə edilib, növbəti opera yazılıb”, - deyə Fazil Qurbanov bildirib.

Əlamətdar hadisələrlə əlaqədar həmin gün axşam Azərbaycanın və Rusiyanın estrada ifaçılarının iştirakı ilə konsert təşkil edilib.

© xezerxeber.az

FOTOQALERIYA






238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR