Elbay Qasımzadə: Prezident Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi təklifimə həsaslıqla yanaşdı

02.03.2019 16:08

Dövlətimizin başçısı Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsinə dair təklifimə çox həsaslıqla yanaşdı, operativ reaksiya verdi.

Bu sözləri Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyətini AZƏRTAC-a şərh edərkən deyib.

Tanınmış memar bildirib ki, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığı bir vaxtda belə görüşün keçirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev görüş iştirakçılarının fikirlərini və təkliflərini diqqətlə dinlədi, bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tapşırıqlar verdi.

Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşmədiyini deyən Elbay Qasımzadə görüşdə bu məsələ ilə bağlı təklifə Azərbaycan Prezidentinin müsbət reaksiyasının paytaxtın tarixi memarlığının qorunması baxımından önəmini diqqətə çatdırıb: "Bakının tarixi mərkəzi bu gün Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları olmaqla dörd rayon arasında bölünüb. Burada aparılan təsərrüfat fəaliyyəti, abaqlıq və inşaat işləri mərkəzdən nə dərəcədə idarə olunsa da, yerli idarəetmə qurumlarının bir-birindən fərqli yanaşmalarına məruz qalır. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Bakının tarixi mərkəzinin sərhədləri dəqiq müəyyənləşdirilməli və təsdiqlənməlidir. Təyin olunmuş sərhədlər daxilində Bakı şəhərinin Mərkəzi rayonu adlandırılan yerli idarəetmə inzibati-ərazi vahidi təşkil olunması bu ərazidə aparılan hər hansı bir fəaliyyət növünə daha ciddi, daha böyük tələbkarlıqla şərtlər və qaydalar tətbiq edilməsinə imkan yaradacaq. Ölkə başçısı bu təklifi bəyəndi və görüşüş gedişində müvafiq qurumlara bununla bağlı tapşıqırlar verdi. Prezident şəhərin mərkəzinin hüdudlarının dəqiq müəyyən olunmasının, vahid idarəetmə sisteminin vacibliyini qeyd etdi”.

Elbay Qasımzadə vurğulayıb ki, tarixi irsimiz olan və XIX əsrin sonunda - XX əsrin əvvəlində yaranmış Bayır şəhər və Aşağı şəhər anlayışları kimi qəbul olunan Bakı mərkəzinin qorunub saxlanılması üçün bu, olduqca vacibdir.

© xezerxeber.az


339 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR