Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi qeyd ediləcək

17.05.2018 18:19

Prezident İlham Əliyev mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi tamam olur. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR