Fəxri xiyabanda Fikrət Əmirovun xatirəsi anılıb - FOTO

22.11.2017 18:08

Noyabrın 22-də Fəxri xiyabanda görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 95 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Fikrət Əmirovun məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir. Fikrət Əmirovun yazdığı "Nizaminin xatirəsinə” simfoniyası, "Şur” və "Sevil” operası sənətkara böyük şöhrət qazandırıb.

Fikrət Əmirovun müxtəlif janrlarda biri-birindən əsrarəngiz musiqi əsərləri yaratdığını bildirən Firəngiz Əlizadə deyib ki, bəstəkarın "Azərbaycan kapriççiosu”, "Gülüstan-Bayatı-Şiraz”, "Nəsimi əfsanəsi” kimi simfonik əsərləri ona populyarlıq qazandırıb. O, həmçinin bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib. 1973-cü ildə o, "Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağıllarının motivləri əsasında "Min bir gecə” baletini yazıb. Bu balet sənətkarın adını dillər əzbəri edib. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri "Nizami” baleti olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli sənətkarın yaradıcılığından söz açıb. Qeyd edib ki, onun yaratdığı zəngin musiqi əsərləri Azərbaycan musiqisinin inkişafında xüsusi mərhələ təşkil edir.

Sonda Fikrət Əmirovun oğlu, məşhur caz musiqiçisi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov ailəsi adından iştirakçılara minnətdarlığını bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






1440 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR