Xəzər Xəbər

Azərbaycanın qədim dövr əhalisi ilə bağlı yeni məlumatlar aşkarlanıb - FOTO

Mədəniyyət | 09:49 • 2 Mart 2020
Azərbaycanın qədim dövr əhalisi ilə bağlı yeni məlumatlar aşkarlanıb -

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycanın qədim dövr əhalisi ilə bağlı yeni məlumatlar aşkarlayıb.


İnstitutdan xezerxeber.az-a verilən məlumata görə, skif dövrünün (e.ə. VII-IV əsrlər) paleoantropoloji materiallarının tədqiqinə Mingəçevir, Fazıllı (Şəki rayonu), Qazıqulu (Tovuz rayonu) nekropollarından və Sarıtəpə yaşayış yerindən (Qazax rayonu) tapılmış kranioloji materiallara cəlb edilmişdi. Tədqiqatlar göstərir ki, Azərbaycan skifləri başqa skif qrupları (Ukraynanın və Macarıstanın çöl skif seriyaları) ilə oxşarlığa malik idilər. Lakin onlar Azərbaycanda olduqları müddətdə yerli əhali ilə qarşılıqlı təmasda olmuş və onlarla qaynayıb qarışmışlar. Bu dövrün paleoantropoloji materialları göstərir ki, Azərbaycanın əsas əhalisi avropoid irqinin cənub qolununu Kaspi antropoloji tipinə aid idi.


Tədqiqata e.ə. V-III əsrlərlə tarixlənən Mingəçevirdən, Xəncəritənqobu Balakəndəki, Ağsu rayonundakı Qəqəli, Şəmahıdənki Xınıslı nekropolundan, Şəkidəki antik dövrə aid dağılmış qəbirlərdən, Yardımlıdakı Alar nekropolundan, Qusardakı Gicanoba, Quba rayonundakı Sandıqtəpə abidələrinin müxtəlif çeşidli qəbir tiplərindən tapılmış paleoantropoloji materiallar nəzərdən keçirilmişdir. Tədqiqatların nəticələrinə görə, göstərilən dövrdə müxtəlif tip qəbirlərdən aşkar edilmiş paleoantropoloji materiallar ölkəmizin ərazisində, həmçinin, bütövlükdə Cənubi Qafqazda əsasən hələ mezolit dövründən mövcud olan dolixo-mezokran Kaspi antropoloji tipinin üstün oldugunu nümayiş etdirir.


Tədqiqatda bizim eranın ilk əsrlərində Azərbaycan ərazisində süni deformasiya adətinin yaranması və yayılması məsələləri, antik dövrə aid kəllələr üzərindəki trepanasiyalar, zədələr və patologiyalar nəzərdən keçirilib. Bunun nəticəsində Azərbaycan ərazisində eramızın ilk əsrlərində yayılmış süni deformasiya Mingəçevirin, Quxurobanın, Alıxocanın, Qəbələnin, Şəkinin katakomb, Xınıslının, Dəmirçinin daş qutu, Gicanoba, II Xucbala, V Sandıqtəpə nekropollarının uzadılmış skeletli torpaq qəbirlərində aşkar edilmişdir.


Başın deformasiya adətinin tarixi Azərbaycan ərazisində yaranmasını Sarmat -Alan çevrəsi tayfalarının gəlişi ilə ehtimal edilir. Yerli Alban tayfaları o zamankı dəbə uyğun olaraq və ya cəmiyyətin elit hissəsinə mənsubluq kimi bu adəti qismən mənimsəyiblər. Fəsildə deformasiya və trepanasiyaların təsnufatı da aparılmışdır.


Tədqiqatların nəticəsinə görə, avropoid irqinin cənub (Aralıq dənizi) qolunun Kaspi antopoloji tipinin Azərbaycanda mezolit dövründən başlayaraq indiki zamanadək təmsil olunmuşdur. Bununla da Azərbaycan əhalisinin antropoloji vərəsəliyi qədimlərdən indiyədək qorunub saxlanılır.

Xəbər lenti