Xəzər Xəbər

İSESKO-nun İnkişaf Vəqfi təsis edilib

Mədəniyyət | 17:31 • 30 Yanvar 2020
İSESKO-nun İnkişaf Vəqfi təsis edilib

İSESKO-nun İnkişaf Vəqfi təsis edilir.


Bu barədə qərar təşkilatın İcraiyyə Şurasının Əbu-Dabidə keçirilən 40-cı sessiyasında qəbul edilib.


Bu vəqf təşkilatın fəaliyyət sahələri çərçivəsində irəli sürəcəyi proqramların və layihələrin davamlı maliyyələşməsini təmin edəcək.


İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışında bildirib ki, Vəqfin təsis edilməsi yeni strategiyanı həyata keçirərkən qarşıya çıxacaq maliyyə problemlərini həll etməyə imkan verəcək. Qeyd edib ki, bir neçə tərəf Vəqfə ianə verməyə hazır olduqlarını artıq bildiriblər. Baş direktor onu da diqqətə çatdırıb ki, bu vasitələr ianə verən üzv dövlətlərin faydalanacağı proqram və layihələrin yerinə yetirilməsində istifadə ediləcək.


Bildirilib ki, vəqf müstəqil təsisat olacaq, özünün xüsusi nəzarət orqanı tərəfindən idarə ediləcək. İSESKO-nun Baş direktoru yalnız vəqf şurasının üzvü olacaq.


Vəqfin fondu 2025-ci ilədək 500 milyon dollara çatacağı nəzərdə tutulur, cari və sabit aktivlər, ianələr, üzv dövlətlərin, özəl sektorun, xeyriyyə fondlarının, biznesmenlərin bağışlayacaqları ianələr və yardımlar hesabına formalaşacaq.


Səudiyyə Ərəbistanı Krallığının Süleyman ər-Racihi Fondu Vəqfin təsis edilməsinə dəstək verəcək.


Qeyd edək ki, budəfəki sessiya Baş Konfransın səlahiyyətləri səviyyəsində olub. Tədbirdə BƏƏ-nin Mədəniyyət və Biliklərin inkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, milli komitələrin katibləri və digər rəsmi nümayəndələr iştirak ediblər. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edib. (AZƏRTAC)

Xəbər lenti