Xəzər Xəbər

Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib

Mədəniyyət | 15:57 • 22 İyul 2019
Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib

Mədəniyyət Nazirliyi tərəfindən respublikamızın ərazisində yeni mədəni marşrutların yaradılması, mövcud olanların inkişafı, Avropa Şurası Mədəni Marşrutlar şəbəkəsinə qoşulması, habelə həmin təşkilatla daha sıx əlaqələrin formalaşdırılması və ölkəmizin layiqincə təmsil olunması ilə bağlı olan işlər davam etdirilir.


Mədəniyyət Nazirliyindən bildirilib ki, ötən ilin 26-28 sentyabr tarixində Almaniya Federativ Respublikasının Görlitz şəhərində keçirilmiş Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda "Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəniyyəti və incəsənətinin, o cümlədən mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların cəlb olunması məqsədilə təqdimat və "Zeytun ağacları” marşrutunun ekspertləri ilə görüş keçirilmişdi. Görüşdə Avropa Şurasının mədəni marşrutunun ekspertlərinin Azərbaycana səfər etməsi qərara alınmışdı.


Görüşdə alınan qərara əsasən bu ilin 20-24 may tarixində sözügedən ekspert qrupu ölkəmizdə səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanın zeytunçuluq sahəsində mövcud təcrübəsinin və "Zeytun ağacları” mədəni marşrutuna qoşulmasının mümkünlüyünün araşdırılması olub. Səfər çərçivəsində ekspertlərin Mədəniyyət naziri Əbülfəs Qarayevlə, eyni zamanda zeytunçuluq sahəsində ixtisaslaşmış bir sıra şirkətlərin rəhbərlikləri ilə görüşləri olub, həmçinin həmin şirkətlərin zeytun bağlarına, zeytun emalı zavodlarına baxış həyata keçirilib.


Ekspert qrupunun səfərindən sonra onlar tərəfindən hazırlanmış hesabat Avropa Şurasına təqdim olunub və Azərbaycanın bu mədəni marşruta qoşulması yekdilliklə qəbul edilib.


Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Mədəniyyət Nazirliyi və Avropa Şurasının "Zeytun ağacları” beynəlxalq mədəni marşrutu arasında razılaşma sənədi imzalanıb.


Beləliklə, adıçəkilən mədəni marşruta qoşulmaq üçün aparılan işlərin məntiqi nəticəsi olaraq Azərbaycan bu ilin 12 iyun tarixində Avropa Şurasının "Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib.

Xəbər lenti