Xəzər Xəbər

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması mühüm hadisədir

Mədəniyyət | 18:25 • 7 İyul 2019
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması mühüm hadisədir

Ümumdünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul edib. Bu gün Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.


Xezerxeber.az xəbər verir ki, bu sözləri iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası qəbul olunandan sonra jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.


Bu prosesin asan başa gəlmədiyini qeyd edən nazir bildirib: "Altı ildir ki, Azərbaycandan ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim edib. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmayıb. Lakin Azərbaycanın gətirdiyi sübutlar və dövlətimizin başçısının məsələ ilə bağlı imzaladığı Sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynayıb”.


Əbülfəs Qarayev Azərbaycanın UNESKO ilə əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunun olduğunu deyib: "Fürsətdən istifadə edərək Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm".


Nazir bildirib ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın mədəni irs tarixində mühüm hadisədir.


Qeyd edək ki, nazir Əbülfəs Qarayev sessiyada qərar qəbul olunandan sonra çıxış edərək Azərbaycan hökuməti adından sessiya iştirakçılarına təşəkkürünü bildirərək deyib: "Biz bu məsələ ilə bağlı edilən tövsiyələri və müvafiq öhdəlikləri yerinə yetirəcəyik. Bu məsələdə dəstək göstərdiklərinə görə Ümumdünya İrs Komitəsinə üzv dövlətlərə, ICOMOS-a təşəkkür edirəm”.


Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da müzakirə zaman qeyd olunan bütün fikirlərin nəzərə alınacağını deyərək, sessiyaya minnətdarlığını bildirib və hamını Şəkiyə dəvət edib.

Xəbər lenti