Xəzər Xəbər

10 mart - Milli Teatr Günü münasibətilə Teatr Xadimləri İttifaqında tədbir təşkil olunub

Mədəniyyət | 16:18 • 10 Mart 2019
10 mart - Milli Teatr Günü münasibətilə Teatr Xadimləri İttifaqında tədbir təşkil olunub

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında "Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının və "10 mart - Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib və qaliblər mükafatlandırılıb.


AZƏRTAC xəbər verir ki, ittifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov nitqinə ulu öndər Heydər Əliyevin "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” sözləri ilə başlayıb. Azərbaycan milli teatrının keçdiyi inkişaf yoluna nəzər salan H. İsmayılov, dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb.


10 gün davam edən festivalın əhəmiyyətini qeyd edən Xalq artisti, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.


Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının keçdiyi yola nəzər salan və ümummilli lider Heydər Əliyevin sənət adamlarına göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş olunub.


Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov deyib ki, bu gün milli teatrımızın yaranmasının 146-cı ili tamam olur. O, bu münasibətlə bütün tədbir iştirakçılarını, eləcə də sənət adamlarını təbrik edib.


"Bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu sahə ilə bağlı bir sıra təkliflər səsləndirilib. Martın 4-də Prezident İlham Əliyevin "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən, Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb. Prezidentin martın 5-də imzaladığı digər Sərəncamla Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilib. Bütün bunlar dövlətimizin teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu istiqamətdə işlər davam etdirilir. Görülən işlər, verilən sərəncam və fərmanlar bir daha ölkəmizə sənət adamlarının hər zaman olduğu kimi, yenə də diqqət və qayğı ilə əhatələndiyinin göstəricisidir”,- deyə ittifaqın sədri söyləyib.


Son illər rəhbərlik etdiyi ittifaqın gördüyü işlərdən, reallaşdırdığı layihələrdən söz açan Azər Paşa Nemətov bildirib ki, Azərbaycan Teatr Xadimləri İttifaqında indiyədək 5 laboratoriya fəaliyyət göstərib. Bu laboratoriyalarda neçə-neçə gənc sənətin sirlərini öyrənərək hazırda Azərbaycan teatrına şərəflə xidmət edir. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir və 50-ə yaxın gənc növbəti laboratoriyada sənətin sirlərini mənimsəməkdədir.


Diqqətə çatdırılıb ki, Azərbaycan Teatr Xadimləri İttifaqın ənənəsinə sadiq qalaraq növbəti dəfə də 10 mart- Milli Teatr Gününə bir sıra yeniliklərlə gəlib. Belə ki, ittifaqın Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi "Boş məkanın dolğunluğu-2” adlı eksperimental tamaşalar festivalı və "10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqəsi buna əyani sübutdur. Belə festivalların teatr sənətinin inkişafında, yaradıcı gənclərin potensialının üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edilib.


Diqqətə çatdırıb ki, festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda doqquz gün ərzində ölkə teatrları, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti və Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunub. Bu sənət əsrləri peşəkar münsiflər tərəfindən qiymətləndirlib.


Qeyd edilib ki, müsabiqə əsasən, təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər arasında keçirilib. Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edib.


Sonda 10 mart - Milli Teatr Günü münasibətilə Azərbaycan teatrının inkişafında xidmətləri olan bir qrup sənət adamına Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar” medalı, fəxri fərmanlar təqdim edilib. Eyni zamanda festival və müsabiqədə fərqlənənlərə diplomlar verilib. Həmçinin "Ən yaxşı aktyor ifası”, "Qadın rolunun ən yaxşı ifası”, "Tələbə tamaşasının ən yaxşı aktyor ifası”, "Ən yaxşı tələbə tamaşası”, "Fəxri iştirakçı” və digər nominasiyalar üzrə də təltiflər olub.

Xəbər lenti