Xəzər Xəbər

Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib

Mədəniyyət | 16:21 • 21 Sentyabr 2018
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib

Sentyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Bəstəkarlar İttifaqının İdarə Heyəti ilə görüş keçirilib.


Görüşdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə AYB-in sədri, Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatında müstəsna xidmətlərindən danışıb, onun musiqi tariximizdə əhəmiyyətli işlərini qeyd edib. Anarın ssenarisi və quruluşçu rejissorluğu ilə lentə alınan "Uzun ömrün akkordları” bədii-sənədli filminə toxunan Firəngiz Əlizadə bildirib ki, Azərbaycan kinematoqrafiyasında dahi Üzeyir bəyin obrazı ilk dəfə onun təşəbbüsü ilə ekranlara çıxıb: "Uzun ömrün akkordları” filminə qədər dahi Üzeyir bəyi portretlərdə və rəsm əsərlərində görmüşük. Lakin ilk dəfə onun obrazını həmin filmdə seyr etdik. Bu film, həqiqətən də çox lazımlı və əvəzolunmazdır, Üzeyir bəyin yaradıcılığına böyük ehtiramın göstəricisidir. Bu səbəbdən biz - Bəstəkarlar İttifaqı olaraq yeni təsis etdiyimiz "Üzeyir Hacıbəyli” medalının böyük yazıçımız Anara verilməsi barədə qərar qəbul etdik”.


Daha sonra Firəngiz Əlizadə "Üzeyir Hacıbəyli” medalını AYB sədrinə təqdim edib.


Xalq yazıçısı Anar bu mükafatın onun üçün böyük önəm daşıdığını vurğulayaraq deyib: "Mən hər hansı bir əsəri yazanda və ya filmi çəkəndə onun nə vaxtsa mükafata layiq görüləcəyini düşünməmişəm. Ona görə də belə sürprizlər mənə ikiqat sevinc bəxş edir. Bu mükafatı Firəngiz xanım kimi dünya şöhrətli bəstəkar, xüsusən ölkəmizdə bu günlərdə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edirsə, bu sevincin ölçüsü daha da artır. Ü.Hacıbəyli bəstəkar, musiqiçi olmaqla yanaşı, həm də görkəmli yazıçı, qələm əhli idi. Bir Azərbaycan yazıçısı, dramaturqu və rejissoru kimi onun haqqında film çəkmək mənim üçün mənəvi borc idi. Ekran əsərinin Azərbaycanda sevilməsi məni xoşbəxt edir”.


Görüşdə Yazıçılar Birliyinin katibləri - Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, AYB sədrinin müavini Nazim İbrahimov, həmçinin Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov və digərləri çıxış edərək Anarı bu mükafat münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. (AZƏRTAC)

Xəbər lenti