Xəzər Xəbər

Azərbaycanda sevgililər qəbiristanlığı varmış

Mədəniyyət | 13:53 • 5 Sentyabr 2018
Azərbaycanda sevgililər qəbiristanlığı varmış

Azərbaycanın hər daşında gizli bir tarix yatır. İndiki dövrə qədər ölkəmizin regionlarında hələ tarixi məlum olmayan abidələrə, qəbir daşlarına rast gələ bilirik.


Xezerxeber.az sputnik.az-a istinadən xəbər verir ki, respublikamızın ecazkar bölgələrindən olan Qusar rayonu həm də tarixi abidələrlə, qəbir daşları ilə zəngindir.


Rayonda yerləşən tarixi abidələrin, qəbir daşlarının bəzilərinin tarixi dəqiq məlum deyil. Belə qədim abidələrdən biri də rayonun Həzrə kəndində yerləşən qədim qəbiristanlıqdır.


Bu qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. Belə ki, burada dəfn olunanlar yan-yana qazılmış qoşa məzarlarda basdırılıblar.


Kəndin ağsaqqalları bu qəbiristanlığın çox qədim olduğunu, dəqiq yaşının isə heç kimə məlum olmadığını vurğuladılar.


Məzarlıq haqqında öyrəndiyimiz ən maraqlı məlumat o oldu ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər. Qəbirlər iki formadadır. Birinin yuxarı hissəsi yastı şəkildə, digəri isə papaq formasındadır.


Kənd sakinlərinin danışdıqlarına görə, yastı qadın, papaq formasında olan isə kişi qəbri olmasını nişanə verir. Qadın və kişi yan-yana basdırılıb, onların yanında, demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Təəssüflər olsun ki, qəbirlərin bir neçəsi yararsız hala düşüb.


Kənd sakini Məhbubə xanımdan öyrəndik ki, buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub: "Buradakı qəbir daşları başqalarından həm də uzunluğuna görə seçilir. Hər qəbir daşının uzunluğu, təxminən 2 metrdən çoxdur.


Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı 19-cu əsrə qədər gedib çıxır. Hər məzarın üzərində müxtəlif şəkillər çəkilib" — deyə həmsöhbətimiz vurğuladı.


Onu da qeyd edək ki, qədim tarixə malik olan Həzrə kəndində iki daha belə qədimi qəbiristanlığa rast gəlmək olar. Onların hər birinin özünəməxsus tarixi var.

Xəbər lenti

Çox oxunanlar