Xəzər Xəbər

Xalq yazıçısı Anarla Daşkənddə görüş təşkil edilib

Mədəniyyət | 09:54 • 11 Avqust 2018
Xalq yazıçısı Anarla Daşkənddə görüş təşkil edilib

Daşkənddə keçirilən "Klassik və müasir özbək ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılmasının aktual məsələləri” mövzusunda Beynəlxalq konfrans çərçivəsində Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində Xalq Yazıçısı Anarla görüş keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış özbək şair və yazıçıları, universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri iştirak edib.


Görüşdən əvvəl Anar və digər qonaqlar böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar.


Tədbiri Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid açaraq Anarın həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Özbəkistanda kitablarının çap olunduğunu bildirib, onun son illərdə Daşkənddə iki kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb.


Yazıçı Firuz Mustafa Anarın əsərlərinin məziyyətlərindən danışıb, onun ancaq keçmiş SSRİ məkanında deyil, dünyanın müxtəlif ölkələrində tanındığını vurğulayıb, onun Özbəkistanda çap edilən əsərləri haqqında söhbət açıb.


Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və digər çıxış edənlər Azərbaycan yazıçıları arasında Anarın Özbəkistanda daha populyar olduğunu bildirib, onun əsərlərinin bu ölkədə sevildiyini qeyd ediblər.


Azərbaycan yazıçıları konfrans çərçivəsində qədim Səmərqənd şəhərində də olublar.

Xəbər lenti