Xəzər Xəbər

Polis 22 kq-dan çox narkotik aşkarlayıb, tutulanlar var - FOTO

Hadisə | 13:39 • 23 Yanvar 2021
Polis 22 kq-dan çox narkotik aşkarlayıb, tutulanlar var -

Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirir.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, növbəti belə tədbir zamanı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıblar. Həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda – 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman - preqabalin və 0,144 qram metadon aşkarlanaraq götürülüb.


Faktla əlaqədar Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Elşən Kərimov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Xətai Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Adıgözəlov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 qram metamfetamin, avtomobilindən isə 3 kiloqram marixuana və 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Saxlanılan Anar Adıgözəlov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə aldığını bildirib.


Suraxanı Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Bülbülə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş - Teymur Cəfərov və Anar Əliyev saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.


Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 22 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman vasitələri qanunsuz dövriyyədən çıxarılıb.


Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti