Xəzər Xəbər

Çimərliyi və dənizi zibilləyən şəxs cərimələnib

Hadisə | 16:19 • 11 Avqust 2020
Çimərliyi və dənizi zibilləyən şəxs cərimələnib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və müvafiq qurumların nümayəndələri çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədilə gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar.


BŞİH-dən verilən məlumata görə, reydlər nəticəsində aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülür. 


İctimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq, reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanıb, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.


Həmçinin "Şıx” çimərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıları həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək İXM-nin müvafiq maddəsinə əsasən cərimə edilib. 


Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılıb, onlara bildirilib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcək. 


Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.   

Xəbər lenti