Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: bıçağı qohumunun boğazına sancdı - Cinayət işi

Hadisə | 15:01 • 12 Mart 2020
Azərbaycanda DƏHŞƏTLİ QƏTL:

Daşkəsən rayonunda qohumunu öldürməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Fikrət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, 18 sentyabr 2018-ci il tarixdə saat 17 radələrində Nafiq Quliyev Fikrət İsmayılovun Daşkəsən rayonunun Əhmədli kəndindəki evinə qonaq gəlib. Fikrət İsmayılov həmkəndlisi və qohumu Nafiq Quliyev ilə yemək yeyib, spirtli içki qəbul ediblər.

"Xalan mənə yaxşı baxmır, bəlkə başqa kişi tapıb”

Sərxoş olan Fikrət İsmayılov arvadı, Nafiq Quliyevin qohumu olan Dürdanə İsmayılova haqqında nalayiq ifadələr işlədib. O, Nafiq Quliyevə deyib ki, xalan mənə yaxşı baxmır, bəlkə başqa kişi tapıb.

Fikrət İsmayılovun bu sözlərindən əsəbiləşən Nafiq Quliyev onun haqqında xoşagəlməz ifadələr işlədib. Qohumlar arasında dava böyüyüb.

Ailə üzvlərini əxlaqsızlıqda suçladılar

Qohumlar arasında həmin məsələ ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qarşılıqlı olaraq bir-birlərinin ailə üzvlərini əxlaqsızlıqda ittiham ediblər.

Bundan sonra otaqda Nafiq Quliyev Fikrət İsmayılovun yaxasından tutaraq mübahisəni davam etdirib. Lakin hadisə vaxtı evdə olan Fikrət İsmayılovun arvadı və gəlini onları ayıraraq Nafiq Quliyevi evin həyətinə çıxarıblar.

Qorxutmaq istədi, boğazını kəsdi

Evin həyətində Nafiq Quliyev Fikrət İsmayılovun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlədib. Sonuncu Nafiq Quliyevlə mübahisəyə və dava-dalaşa girmək istəməyib.

Lakin Nafiq Quliyev Fikrət İsmayılovu mübahisəyə təhrik edib, onun boğazından tutaraq əlbəyaxa olub. Nafiq Quliyev Fikrət İsmayılovu çəkərək evdən həyətə çıxarıb.

Fikrət İsmayılov Nafiq Quliyev tərəfindən boğazından sıxılmaqla boğulduğundan sonuncunu özündən kənarlaşdırmaq üçün üzərində olan bıçaqla boğazından tutduğu qolundan vurmaq istəyib. Bıçaq zərbəsi Nafiqin boğaz nahiyəsinə dəyib. Nafiq Quliyev kəskin qan itirmədən dünyasını dəyişib.

16 il 6 ay cəza

İstintaq orqanı tərəfindən Fikrət İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət İsmayılov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

"İstəmişəm ki, boğazımdan əlini çəksin”

Hökmdən narazı qalan Fikrət İsmayılov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyarsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini istəyib.

Fikrət İsmayılov apelyasiya şikayətini onunla əsaslandırıb ki, ona verilən cəza ilə razı deyil: "Çünki, zərərçəkmiş şəxs mənimlə dava edib, evimdə ailə uşağımın ünvanına nalayiq söyüşlər söyüb, məni təhqir edib. Sonra ürəyi soyumayıb, məni boğmağa başlayıb. Mən də özümü müdafiə etmək üçün cib bıçağımı çıxardaraq onun qolundan vurmaq istəmişəm ki, boğazımdan əlini çəksin”.

Şikayət qəbul olunmadı

Fikrət İsmayılovun sözlərinə görə, ehtiyatsızlıqdan bıçaq zərərçəkmiş şəxsin boğazına girib. Bildirib ki, onun zərərçəkmiş şəxsi qəsdən öldürmək fikri olmayıb və aralarında heç bir düşmənçəlik yoxdur. Fikrət İsmayılov barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Fikrət İsmayılovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin olunmaması barədə qərar elan edilib.

Xəbər lenti