Xəzər Xəbər

Evli kişini sevgilisi şantaj etdi: Şantajçı qadın diri-diri yandırıldı – İnanılmaz

Hadisə | 17:42 • 2 Mart 2020
Evli kişini sevgilisi şantaj etdi:

Tovuz rayonunda qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhddə təqsirli bilinən Göygöl rayon sakini, 1978-ci il təvəllüdlü Əflatun Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əflatun Ələkbərov təxminən 2016-cı ilin yay aylarında Tovuz rayonunun Əlibəyli kənd sakini Nişanə Bayramova ilə tanış olub və onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb.

Əflatun Ələkbərov 14 noyabr 2018-ci il tarixdə, saat 21.30-da Nişanə Bayramovanı ofisiant kimi yeni işə başladığı, rayonun Yuxarı Öysüzlü kəndi ərazisindəki kafedən işdən sonra qarşılayıb. O, qadını idarə etdiyi QAZ-3110 markalı avtomobillə evlərinə aparıb.

Yolda Əflatun Ələkbərov Nişanə Bayramovanın sifətində makiyajın çox olduğunu və ondan alkoqol iyi gəldiyini görüb. O, Nişanə Bayramovaya bu səbəbdən əsəbiləşib və ona iradlarını bildirib.

Əflatun Ələkbərov Nişanə Bayramovaya bir daha kafedə işləməyəcəyi barədə xəbərdarlıq edib, əks halda onun üçün yaxşı olmayacağı ilə hədələyəib.

Əflatun Ələkbərov Nişanə Bayramovanı evlərinə düşürüb və yaşadığı Gədəbəy rayonunun Qala kəndinə qayıdıb.

Ertəsi gün Əflatun Ələkbərov Nişanə Bayramova ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb. Onun bir daha kafedə işləməyəcəyi barədə tələbinə əhəmiyyət verməyib və yenidən kafedə işdə olduğunu eşidib. O, qadından evə qayıtmağı tələb edib. Nişanə Əflatunun sonrakı telefon zənglərinə cavab verməyib.

Nişanə Bayramova Əflatun Ələkbərovun telefon nömrəsinə aralarında olan borc pulu gətirib verməsini, əks halda 102 xidmətinə məlumat verəcəyi ilə bağlı mesajlar göndərib.

Bundan sonra isə Əflatun Ələkbərov Nişanə Bayramovanın telefon zənglərinə cavab verməyib.

Nişanə Bayramova başqa telefon nömrəsindən zəng edərək özünü yaxşı aparmadığı təqdirdə münasibətləri barədə arvadına məlumat verəcəyini deyib.

Bu zaman o, ailəsini dağıdacağı halda Nişanə Bayramovanı öldürəcəyi ilə hədələyib. Nişanə Bayramovanın onunla rəsmi nikahda olduğu arvadı Simurə Ələkbərovanın istifadəsində olan mobil telefona zəng edib və "iki il müddətində ər-arvad kimi yaşamaları və birgə uşaqları olması barədə” danışıb.

Bunu eşidən Simurə Ələkbərova atası evinə gedib. Sonuncu atası evindən Əflatun Ələkbərova zəng edib və ona başqa qadınla yaşadığı üçün evi tərk etdiyini bildirib.

Bundan əsəbləşən Əflatun Ələkbərov Nişanə Bayramovanı cəzalandırmaqla qisas almaq qərarına gəlib. O, idarə etdiyi avtomobillə həmin günü saat 21 radələrində Nişanə Bayramovanın işlədiyi Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi yaxınlığında yerləşən kafeyə gəlib.

Bu zaman Əflatun Ələkbərov Nişanə Bayramovanı kafenin həyətində telefonla danışan görüb. O, avtomobilin yük yerindən plastmas qabda benzin götürüb. Həmin vaxt telefonla danışan Nişanə Bayramovaya yaxınlaşaraq nefti onun başına, sifətinə töküb, alışqanla yandırmaq istəyib.

Nişanə Bayramova xilas olmaq üçün oradan qaçıb və işlədiyi kafenin otağına girib. Əflatun Ələkbərov cinayətkar qəsdini davam etdirərək onun arxasınca otağa daxil olub, Nişanə Bayramovaya alışqanla od vurub.

Qadının yandığını görən Əflatun Ələkbərov hadisə yerindən qaçıb.

Bu zaman Nişanə Bayramovanın alışıb yandığını görən iş yoldaşları Rəşad Abbasov və digər şəxslər tərəfindən alov vaxtında söndürülüb. Ona vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Əflatun Ələkbərov isə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ötən il martın 31-də həbs edilib.

İstintaq orqanı tərəfindən Əflatun Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əflatun Ələkbərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əflatun Ələkbərov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Əflatun Ələkbərovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Əflatun Ələkbərovun şikayəti təmin olunmayıb.


Xəbər lenti