Xəzər Xəbər

Tiflisdə təhlükəli virus yayılır – Necə qorunmalıyıq?

Hadisə | 12:06 • 20 Dekabr 2019
Tiflisdə təhlükəli virus yayılır

Gürcüstan qonşu ölkədir. Gediş-gəliş çox olduğu üçün orada yayılan virusların bizə keçmə ehtimalı var.

Bu sözləri Axar.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev son iki həftədə Gürcüstanda qrip virusunun əsasən 3 növünün yayılmasının Azərbaycana təsirləri barədə danışarkən deyib. O, hazırda ölkədə qriplə bağlı vəziyyətin təhlükəli olmadığını söyləyib:

"Hazırda ölkədə epidemoloji situasiya bir o qədər də gərgin deyil. Amma təbii ki, qış fəslində təkcə qrip yox, digər respirator infeksiyalar da yayıla bilər. Heç kim bundan sığortalanmayıb. Bəlkə də bizdə də bu viruslardan var, amma konkret diaqnoz qoyulan xəstələrə rast gəlməmişəm.

Qrip virusu o 3 virusdan bir qədər təhlükəli hesab olunur. Çünki qrip virusunun ağırlaşma ehtimalı digərlərindən daha çoxdur.

Hazırda klinikada bir-iki nəfər respirator xəstə var. Vəziyyət o halda təhlükəli ola bilər ki, kütləvi hal alsın”.

C.İsayevin sözlərinə görə, ölkədə epidemoloji vəziyyətin gərginləşməməsi üçün insanların özünü qoruması vacib şərtdir:

"İndiki halda insanların özlərinin gördüyü tədbir daha önəmlidir. Məsələn, qızdırmalı insanların işə getməsi düzgün deyil. Bağçaya gedənlər, şagirdlər və ya tələbələr xəstə halda dərsə getsələr, digər uşaqları da yoluxduracaqlar. Ona görə də diqqət etməliyik. Əgər o halda getmək çox vacibdirsə, heç olmasa maska taxmalıyıq. Maska ilə gəzmək xəstəliyin yayılmasının müəyyən qədər qarşısını alır”.

Baş infeksionist Gürcüstanda donuz qripindən ölüm hallarının da Azərbaycan üçün təhlükəsindən bəhs edib:

"Bu saat donuz qripi adi qrip kimi bir şeydir. Qripdən ölüm halları 4-10 faiz arasında dəyişir. Bu o şəxslərdə təhlükəlidir ki, onlarda paralel davam edən hər hansı bir xəstəlik olur. Xüsusən körpə uşaqlarda, hamilə qadınlarda bu xəstəlik ağır gedir. Buna görə də parael xəstəliyi olan insanlar, yaşlılar, körpələr və hamilə qadınlar xəstələnən zaman diqqətli olmaq, temperatur dövrünü yataq şəraitində keçirmək, həkim nəzarətində müalicə almaq vacibdir”.

Qeyd edək ki, hazırda Gürcüstanda qrip virusunun daha 3 növünün - B, H3 və H1 viruslarının müşahidə olunduğu bildirilib.

Xəbər lenti