Xəzər Xəbər

İnternetə elan verib camaatın başına oyun açdı... FOTO

Hadisə | 11:57 • 18 Dekabr 2019
İnternetə elan verib camaatın başına oyun açdı...

Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini, 21 yaşlı Rəsul Cəfərov saxlanılıb.

Teleqraf.comxəbər verir ki, ilkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə məlum olub ki, R.Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.

Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn R.Cəfərov, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi tədqim edib.

Alıcılar tərəfindən beh göndərildikdən sonra isə R.Cəfərov zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.

Polis əməkdaşları Rəsul Cəfərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu gəncin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Xızı rayon polis şöbəsinə və ya şəhər telefonlarından 02331-5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti