Xəzər Xəbər

Abşeronda evdən 59 minlik geyim oğurlandı

Hadisə | 12:47 • 19 Noyabr 2019
Abşeronda evdən 59 minlik geyim oğurlandı

Abşeronda evdən geyim və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıb.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş – Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə üç dəfə daxil olublar. Həmin mənzildən üçüncü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O, sonuncu dəfə evdə olan divan və kresloları oğurlayaraq satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin oğurladıqları məişət və geyim əşyaların bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin Abşeron rayonu və digər ərazilərdə oğurluqlarda iştirak edib-etmədikləri istintaq araşdırmalarından sonra məlum olacaq.

Xəbər lenti