Xəzər Xəbər

Mingəçevir su anbarının yaxınlığında top mərmisi aşkarlandı

Hadisə | 10:03 • 23 Sentyabr 2019
Mingəçevir su anbarının yaxınlığında top mərmisi aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Mingəçevir şəhəri, su anbarının yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan XəzərXəbər-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 76 mm-lik top mərmisi (F-354) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Top mərmisinin ətrafında 500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti