Xəzər Xəbər

Ağcabədidə satış üçün hazırlanan ölmüş heyvan cəmdəyi aşkarlandı

Hadisə | 11:27 • 20 İyun 2019
Ağcabədidə satış üçün hazırlanan ölmüş heyvan cəmdəyi aşkarlandı

Ağcabədi rayonunda satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan bir baş istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, agentlik və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində axşam saatlarında vətəndaş İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsinə baxış keçiriblər.

Bu zaman kəsim yerində istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Xəbər lenti