Xəzər Xəbər

Əlləri bağlanaraq zor tətbiq edilən 5 yaşlı uşaqla bağlı YENİ XƏBƏR

Hadisə | 12:26 • 23 May 2018
Əlləri bağlanaraq zor tətbiq edilən

Ötən gün valideynləri tərəfindən əlləri və ayaqları bağlanaraq zor tətbiq edilən 5 yaşlı uşağın psixoloji vəziyyəti ilə bağlı aidiyyatı qurumlar hərəkətə keçib.


Bunu Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə deyib. AUB sədri hazırda həmin ailənin qonağı olduğunu, hadisənin hansı şəraitdə baş verdiyini araşdırmağa başladığını bildirib:


"Hazırda ötən gün şəklini paylaşdığım uşağın evindəyik. Müəyyən məsələlər var ki, onları yerində araşdırdıq. İcra hakimiyyətinə gedəcəyik. Orada əlləri və ayaqları bağlanaraq zorakılığa məruz qalan uşaqla ciddi psixoloji reablitasiya işinin aparılması məsələsini müzakirə edəcəyik. Müəyyən etdik ki, uşaq ana tərəfindən zorakılığa məruz qalıb. Ana beş yaşlı uşağa qarşı şiddət tətbiq edib”.


Kəmalə Ağazadənin sözlərinə görə, həmin an ananın müəyyən psixoloji problemləri olub:


"Psixoloji gərginlik içərisində bu cür hərəkətləri həyata keçirib. Ailədə müəyyən qədər problemlər var. Mənim buraya – onların evinə gəlməkdə məqsədim zorakılığa qalmış uşağın hüquqlarını müdafiə etməkdir. Eyni zamanda, onun psixoloji reablitasiyasını təmin etməkdir”.


Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədrinin sözlərinə görə, qurumun müdaxiləsindən sonra artıq rayon polis şöbəsinin əməkdaşları uşağın anasından izahat və iltizam alıb:


"Eyni zamanda, icra hakimiyyətinin müvafiq komissiyası bu istiqamətdə lazımi addımlar atıb. Mən bu zorakılığın baş verdiyi rayonun adını açıqlamaq istəmirəm. Çünki bu məsələni bölgələrə ayırmaq düzgün deyil. Söhbət Azərbaycan ailəsindən, uşağın üzləşdiyi problemdən gedir. Uşağın gələcəyi var, onun adını da mediada açıqlamaq düzgün deyil. Qanun da buna yol vermir”.


Qeyd edək ki, Ötən gün valideynləri tərəfindən əlləri və ayaqları bağlanaraq zor tətbiq edilən 5 yaşlı uşaqla bağlı AUB sədri Kamalə Ağazadə foto paylaşmışdı. Fotoda əlləri və ayaqları bağlanmış və huşsuz vəziyyətdə yerdə uzanmış uşağın olduğu görülür. Birlik sədri uşağın valideynləri və onun hansı regiondan olması barədə məlumat vermək istəmədiyini bildirmişdi.

Xəbər lenti